Başnalı - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 4 km şimal-qərbdə, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 99), Qafqazın 5 verstlik xəritəsində (348, s. 34) qeyd edilmişdir. Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1829-1832-ci illərdə İranın Xoy və Səlmas bölgələrindən ermənilər köçürülüb burada yerləşdirilmişdir (427, s. 578). Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 30, 1873-cü ildə 85, 1886-cı ildə 56, 1897-ci ildə 70, 1904-cü ildə 85 nəfər azərbaycanlı yaşamışdır (415, s. 46-47, 126-127). 1918-ci ilin martında azərbaycanlılar erməni bolşevik birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri öz yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 14,1926-cı ildə 10,1931-ci ildə 7 nəfər azərbaycanlı yaşamışdır (415, s. 47, 127). 1940-cı illərdə azərbaycanlılar Ermənistandan tamamilə qovulmuşdur. Hazırda orada yalnız ermənilər yaşayır. Toponim türk mənşəli başnalı tayfasının adı əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 1 dekabr 1949-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Bağramyan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 42).
Coğrafi koordinatları: 39°58' şm. e., 44°31' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/