Böyük Kəpənək - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 32 km şərqdə, dəniz səviyyəsindən 2045 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi keçmiş Leninakan rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 113). Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. 1877-1878-ci illərdə Türkiyənin Ərzurum vilayətindən ermənilərin köçürülüb kənddə yerləşdirilməsindən sonra azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən kənddən qovulmuşdur. Hazırda burada yalnız ermənilər yaşayır. Toponim qədim türk dilində "yapıncı" mənasında işlənən "kəpənək" sözündən düzələn "kəpənəkçi" etnonimi (195, s. 159) əsasında əmələ gəlmişdir. Kəpənək sözünə "yapınçı" mənasında "Kita- bi-Dədə Qorqud" dastanında rast gəlinir. "Böyük" fərqləndirici əlamət bildirir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Musaelyan" qoyulmuşdur. Hazırda kənd "Erzurum" adlanır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 142).
Coğrafi koordinatları: 40°45' şm. e., 43°59' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/