Yuxarı Xatunarx - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Üçkilsə (Vağarşabad) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 34 km cənub-şərqdə, Böyük Qarasu çayının yanında, dəniz səviyyəsindən 835 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s. 262) qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi azərbaycanlılar yaşamışlar. Türkmənçay müqaviləsindən sonra - 1828-1829-cu illərdə İranın Xoy vilayətindən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmiş (427, s. 138) və azərbaycanlılar erməni silahlıları tərəfindən deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır. Kənd İrəvan xanı Səfiqulu xanın (1655- 1680) arvadı Xatun tərəfindən Böyük Qarasu çayından çəkilən arxın kənarında salınmışdır. Ona görə də "Xatunarx" adlandırılmışdır (427, s. 138). Toponimin əvvəlindəki "yuxarı" sözü fərqləndirici əlamət bildirir. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Aknaşen" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 11-12).
Coğrafi koordinatları: 40°05' şm. e., 44°17' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/