Şəki - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, keçmiş Sisian rayonunda, indi Sünik vilayətində kənd. Vilayət mərkəzi Qapan şəhərindən 103 km şimal-qərbdə, dəniz səviyyəsindən 1710 m hündürlükdə yerləşir. Məşhur Şəki şəlaləsi kəndin ərazisindədir. 1921-ci il avqustun 31-də sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. 1728-ci il tarixində tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftərində Sisian nahiyəsinə daxil olan kəndlər siyahısında "Şəki kəndi" adı ilə qeyd edilmiş və illik gəlirinin 5959 ağça təşkil etdiyi göstərilmişdir (143, s. 150). Kənddə 1831-ci ildə 48, 1873-cü ildə 445, 1886-cı ildə 657, 1897-ci ildə 1191, 1908-ci ildə 1605, 1914-cü İldə 1584 nəfər azərbaycanlı yaşamışdır (415, s. 76-77, 146-147). 1918-ci ilin avqust ayında azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən soyqırımına məruz qalaraq deportasiya edilmişlər (309, s. 205). Xaricdən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə qayıtmışlar. Kənddə 1922-ci ildə 282 nəfər azərbaycanlı, 12 erməni, 1926-cı ildə 385 nəfər azərbaycanlı, 407 nəfər erməni, 1931-ci ildə 557 nəfər azərbaycanlı, 510 nəfər erməni yaşamışdır (415, s. 76-77, 146-147). 1988-ci ilin əvvəllərində Şəkidə 1930 nəfər (190 ailə) azərbaycanlı yaşamışdır (244 a, s. 310). 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim kimmerlərə mənsub olan "sak" etnonimi (402, s. 66-80; 23, s. 102-104) əsasında əmələ gəlmişdir. Şəki "sak/saka" etnoniminin fonetik variantıdır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 157).
Coğrafi koordinatları: 39°33' şm. e., 45°59' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/