Cənnətli - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayəti ərazisində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 16 km şimal-şərqdə, Gərni çayının sahilində, dəniz səviyyəsindən 965 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin adı "Cahadlu" formasında da qeyd edilmişdir (415, s. 50). Kənddə 1831-ci ildə 59,1873-cü ildə 173,1886-cı ildə 189, 1897-ci ildə 219, 1904-cü ildə 184, 1914-cü ildə 228, 1916-cı ildə 260 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 50-51, 130- 131). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Xaricdən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. Kənddə 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 100 nəfər, 1931-ci ildə 114 nəfər azərbaycanlı yaşamışdır (415, s. 50-51, 130-131). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949-cu illərdə kənddə yaşayan azərbaycanlılar zorla tarixi torpaqlarından Azərbaycana köçürülmüşdür. Hazırda burada ermənilər yaşayır. Toponim nəsil adı əsasında yaranmışdır. Erm. SSR AS RH-nin 2 mart 1940-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək əvvəlcə "Zovaşen", 21 oktyabr 1967-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Lancazat" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 85). Coğrafi koordinatları: 40°03' şm. e., 44°34' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/