Molla Musa - Qars vilayətinin Şörəyel nahiyəsində, sonradan sovet Ermənistanının keçmiş Düzkənd (Axuryan) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 5 km cənub-qərbdə, Arpaçayın sağ sahilində, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Kənddə 1886-cı ildə 462, 1897-ci ildə 591, 1904-cü ildə 671, 1914-cü ildə 762 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 42-43, 122-123). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. 1921-ci il Qars müqaviləsinə əsasən, kənd Düzkənd nahiyəsinin tərkibində Aleksandropol qəzasına daxil edilmişdir. Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 16 nəfər azərbaycanlı yaşamışdır (415, s. 122-123). 1923-1924-cü illərdə azərbaycanlılar kənddən çıxarılmışlar. Hazırda burada yalnız ermənilər yaşayır. Toponim "Molla Musa" şəxs adı əsasında formalaşmışdır. Kəndin adı dəyişdirilərək əvvəlcə "Musakan", daha sonra Erm. SSR AS RH-nin 26 aprel 1946-cı il tarixli qərarı ilə "Voskehask" adlandırılmışdır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, kənd Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 161).
Coğrafi koordinatları: 40°44' şm. e., 43°46' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/