Qulucan - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Artik rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 22 km cənub-şərqdə, dəniz səviyyəsindən 1825 m hündürlükdə yerləşir. Urartu yazısında "Kuliaini" formasında göstərilib (269, s. 116). Qafqazın 5 verstlik xəritəsində (348, s. 147) qeyd edilmişdir. Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 22 nəfər, 1873-cü ildə 16 nəfər azərbaycanlı yaşamışdır (415, s. 110-111). 1878-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qoyularaq deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim VI-VII əsrlərə aid Çin mənbələrində göstərilən "quliqan" etnonimi (286, s. 38) əsasında yaranmışdır. Azərbaycan dilində "q-c" (qan~can) səs əvəzlənməsi qanunauyğun haldır. "Azərbaycan" toponimində də "q-c" səsdəyişməsi (Adərbadqan-Adirbadqan- Adərbayqan-Azərbaycan) özünü göstərmişdir (235, s. 15-20; 23, s. 189). Erm. SSR AS RH-nin 31 may 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Spandaryan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 182).
Coğrafi koordinatları: 40°39' şm. e., 44°01' ş. u.
Zəngibasar mahalında, Zəngibasar rayonu ərazisində, Araz və Zəngi çaylarının kəsişdiyi yerdə kənd.
Kənddə ancaq Azərbaycan türkləri yaşamışlar. 1894-cü ildə kənddə 75 nəfər, 1905-ci ildə 63 nəfər, 1914-cü ildə 81 nəfər azərbaycanlı yaşamışdır.
1917-1918-ci illərdə erməni təcavüzünə məruz qalan kəndin əhalisi qonşu azərbaycanlı kəndlərinin əhalisi ilə birgə Arazın o tayına - Türkiyəyə mühacirət etmiş, bölgədə Sovet hakimiyyəti qurulduqdan sonra doğma kəndlərinə dönmüşlər.
1922-ci ildə geri dönənlərin sayı 67 nəfər olmuş, kənd əhalisinin sayı 1931 -ci ildə 59 nəfərə qədər azalmışdır. Kənd Seyidkənd sovetliyinə tabe olmuşdur.
1948- ci ildə kəndin əhalisi növbəti dəfə soyqırımına məruz qalmış və bütünlüklə Azərbaycana deportasiya olunmuşlar. Kənd isə ləğv edilərək ərazisi Həbilkənd kəndi bazasında yeni yaradılmış Kalinin sovxoz-qəsəbəsinə verilmişdir. Bir neçə il sonra doğma kəndə geri dönmüş qulucanlılar doğma kəndlərində yaşasalar da, artıq rəsmi sənədlərdə Kalinin qəsəbəsinin sakini hesab olunmuşlar.
Ağadədə piri Qulucan kəndinin yanında yerləşirdi.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/