Qıpçaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Artik rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 22 km cənub-şərqdə, dəniz səviyyəsindən 2020 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143. s. 124), Qafqazın 5 verstlik xəritəsində (348, s. 134) qeyd edilmişdir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Türkmənçay müqaviləsinə (1828) əsasən, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhali tədricən kəndi tərk etmişdir. Ermənilər kəndə Türkiyənin Ərzurum, Bayburd və Muş vilayətlərindən köçürülüb yerləşdirilmişdir (416, s. 119). Toponim qədim türk tayfalarından olan "qıpçaq" etnonimi (228, s. 18; 286, s. 46-48; 66, s. 34-37) əsasında yaranmışdır. Erm. SSR AS RH-nin 31 may 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Haric" ("Xaricilər". İrandan köç etmiş ermənilərin şərəfinə) qoyulmuşdur. Kənddə orta əsrlərə aid bir neçə qıpçaq məbədi mövcuddur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 119).
Coğrafi koordinatları: 40°35' şm. e., 44°00' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/