Doqquz - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 49 km şimal-qərbdə, Gərni çayının yanında, dəniz səviyyəsindən 2070 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Doqquz" (143, s. 100), Qafqazın 5 verstlik xəritəsində isə "Dokkuz" formasında (348, s. 88) qeyd edilmişdir. Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1828-1829-cu illərdə buraya İranın Xoy və Səlmas vilayətlərindən ermənilər köçürülmüşdür (386, s. 551-554). 1828-ci ilə qədər Doqquz kəndində cəmi 8 yerli erməni (коренных армян) olmuşdur (386, s. 551-553). Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 127, 1873-cü ildə 159, 1886-cı ildə 178, 1897-ci ildə 161 nəfər azərbaycanlı yaşamışdır (415, s. 48-49, 128-129). 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri soyqırımına məruz qalaraq deportasiya olunmuşdur (309, s. 216). Sağ qalan kənd sakinləri indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 75, 1926-cı ildə 78, 1931-ci ildə 97 nəfər azərbaycanlı yaşamışdır (415, s. 48-49, 128-129). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, azərbaycanlılar 1948-1950-ci illərdə tarixi-etnik torpaqlarından Azərbaycana köçürülmüşdür. Hazırda orada ermənilər yaşayır. Toponim oğuzların dülqədirli tayfasından olan "doqquz" etnonimi (238, s. 301) əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 20 avqust 1945-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Kanaçut" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 107).
Coğrafi koordinatları: 40°00' şm. e., 44°32' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/