Zəngilər (Donuzyeən) - indiki Ermənistanın keçmiş Zəngibasar (Masis) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 21 km şimal-qərbdə, Zəngi çayının sahilində, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir. 3 yanvar 1935-ci ilə kimi kəndin adı "Donuzyeən" ("Donuzgirən") olmuşdur. Kənddə 1832-ci ildə 335, 1873-cü ildə 905, 1886-cı ildə 1012,1897-ci ildə 1077,1914-cü ildə 1064 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri qırğınlar nəticəsində kəndi tərk etmək məcburiyyətində qalmışlar. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənd əhalisinin bir qismi geri qayıda bilmişdir. Kənddə 1922-ci ildə 399, 1926-cı ildə 493, 1931-ci ildə 518 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR- in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmişdir. 1988-ci ilin noyabr-dekabr aylarında kənd əhalisi yenidən deportasiya edilmişdir. "Zəngilər" toponimi türk əsilli zəngilər nəslinin adı ilə bağlıdır. F.Sümər yazıb: "Əlcəzair və Suriya hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər" (238, s. 123). Ərəb ölkələrindəki məmlük türkləri - zəngilər də qıpçaq tayfalarından biridir (256, s. 26). Erm. SSR AS RH-nin 3 aprel 1991 -ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Zorak" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 78). Coğrafi koordinatları: 40°05' şm. e., 44°23' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/