Məlikkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Araqats (Alagöz) rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 40 km məsafədə, Abaran çayının qolu üstündə, Dəvədaş və Dəvəboynu dağlarının ətəyində, dəniz səviyyəsindən 2184 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir (143, s. 109). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskun- laşdırılmasından sonra əhali tədricən kəndi tərk etmişdir. Toponim "hökmdar, padşah" mənasında işlənən "məlik" sözünə (11, s. 290) "kənd" sözünün qoşulması ilə əmələ gəlib, "hökmdara, məlikə məxsus kənd" mənasını bildirir. Erm. SSR AS RH-nin 15 iyul 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Melikgyuğ" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s.135).
Coğrafi koordinatları: 40°40' şm. e., 44°21' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/