Ağcaqışlaq - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 12 km şimalda, Zəngi çayının sahilində, dəniz səviyyəsindən 930 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 49), Qafqazın 5 verstlik xəritəsində (348, s. 4) qeyd edilmişdir. "İrəvan əyalətinin icmal dəftəri"ndə göstərilir ki, kənddə türk mənşəli qəmərli tayfası yaşayır (143, s. 49). Erməni ədəbiyyatında kəndin 1831 -ci ildə salındığı göstərilir (416, s. 56). Erməni tədqiqatçıları tarixi həqiqəti saxtalaşdırmışlar. Belə ki 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftərində göstərilir ki, Yuva kəndinin yaxınlığında Ağcaqışlaq kəndi yerləşir və kəndin əhalisi qəmərli camaatındandır. İllik gəliri 3000 ağça- dan ibarət olmuşdur (143, s. 49). Kənddə 1831 -ci ildə 70, 1873-cü ildə 184, 1886-cı ildə 138, 1897-ci ildə 200, 1904-cü ildə 186, 1914-cü ildə 220, 1916-cı ildə 197 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə qayıda bilmişlər. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 54, 1926-cı ildə 96, 1931-ci ildə 102 nəfər azərbaycanlı yaşamışdır (415, s. 46-47, 126-127). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, 1948-1949-cu illərdə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. Hazırda orada yalnız ermənilər yaşayır. Toponim "ağımtıl, bozumtul düzən, çöl" mənasında işlənən "ağca" sözü ilə (93, s. 23) "qışlaq" sözünün birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 21 iyun 1948-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilib "Getaşen", 28 may 1967-cı il tarixli qərarı ilə yenidən dəyişdirilib "Getazat" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 56).
Coğrafi koordinatları: 40°02' şm. e., 44°33' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/