Facebook Pixel Code
Xalisa
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Xalisa - İrəvan quberniyasının İrəvan qəza­sında, Vedi (Ararat) rayonunda, indi Ararat vi­layətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 13 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında, dəniz sə­viyyəsindən 820 m hündürlükdə yerləşir. Qafqa­zın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 259). Mənbələrdə kəndin başqa adının "Xalisa Güleyyurd" olduğu göstərilir (415, s. 86). Burada 1831-ci ildə 149, 1873-cü ildə 864, 1886-cı ildə 960, 1897-ci ildə 1165, 1904-cü ildə 957, 1914-cü ildə 1053, 1916-cı ildə 1159 nəfər azərbaycanlı yaşamışdır (415, s. 86-87, 154-155). 1918-ci il­lərdə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlarla qovulmuşlar. Kənddə İran və Türkiyədən köçürülüb gətirilən ermənilər yer­ləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə burada 311 nəfər azərbaycanlı, 290 erməni, 1926-cı ildə 331 nəfər azərbaycanlı, 240 nəfər erməni, 1931-ci ildə 588 nəfər azərbaycanlı, 276 erməni (415, s. 86-87, 154-155) yaşamışdır. SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azər­baycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalı­ğına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin əhalisi Azərbay­cana köçürülmüşdür. Sonradan kəndin əhalisinin bir qismi doğma kəndlərinə qayıtmışdır. Kənddə 1972-ci ildə 1500 nəfərdən artıq azərbaycanlı, 600-ə qədər erməni yaşamışdır. Azərbaycanlı əhali 1988-ci ilin noyabr ayında ermənilər tərə­findən deportasiya edilmişdir. Hazırda orada yal­nız ermənilər yaşayır. Toponim "dövlət torpağı, dövlətə məxsus olan yer" mənasında işlənən ərəb mənşəli "xalisə" sözündən (104, s. 683) əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 aprel 1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdi­rilərək "Noyakert" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən. Ararat vilayətinin inzibati ərazisinə daxil edilmiş­dir (416, s. 147).

Coğrafi koordinatları: 39°49' şm. e., 44°40' ş. u.

XALİSA (XALİSƏ)

 

Vedibasar mahalının aran hissəsində, Ağrıdağ vadisində, Vedi rayonunun mərkəzi olan Böyük Vedi qəsəbəsindən 10 km cənub-qərbdə, İrəvan-Naxçıvan-Bakı dəmiryol xəttinin, İrəvan-Naxçıvan avtomobil yolunun 3 kilometrliyində, Vedi çayından ayrılan su arxının üstündə kənd.

1920-ci ilə qədər kənddə ancaq Azərbaycan türkləri yaşamış, 1922- 1988-ci illərdə azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kənd olmuşdur

Kənddə 1832-ci ildə 23 ailədə 149 nəfər (51 kişi, 68 qadın), 1873- cü ildə 138 təsərrüfatda 864 nəfər (476 kişi, 388 qadın), 1886-cı ildə 176 təsərrüfatda 960 nəfər (535 kişi, 425 qadın), 1897-ci ildə kənddə 1165 nə­fər, 1916-cı ildə 1159 nəfər azərbaycanlı yaşamışdır.

1918-1920-ci illər erməni-müsəlman davası zamanı kənd erməni daşnakları tərəfindən yerlə-yeksan edilmiş, əhalisi qətl və qarətlərə mə­ruz qalmış, doğma yurd-yuvasından qovulmuşdur.

1922-ci ildə kəndin sağ qalmış qaçqın əhalisindən cəmi 311 nəfər geri qayıda bilmiş, lakin bu vaxt kənddə artıq 290 nəfər erməninin yerləş­dirildiyinin şahidi olmuşlar. 1926-cı ildə kənd əhalisinin nisbəti 331 nəfər azərbaycanlı, 240 nəfər erməni, 1931-ci ildə 588 nəfər azərbaycanlı, 276 nəfər erməni şəklində dəyihmişdir.

1953-cü ildə kənddən cəmi 13 ailə Azərbaycana deportasiya olun­muş, az sonra onların əksəriyyəti yenidən doğma kəndlərinə qayıtmışlar.

Qərbi azərbaycanlıların 1988-ci il soyqırımına qədər Xalisa kəndində 500 evə qədər azərbaycanlı, cəmi 40 ev erməni vardı. 1988-ci il noyabrın 30-da səhər tezdən kənd erməni maşınları ilə mühasirəyə alınmış, az sonra rayon rəhbərləri - katib Akopyan, RİK sədri Vartanyan, prokuror Adamyan, müavini Barseqyan, milis rəisi Papoyan və b.-ları xüsusi maşınlarda kəndə daxil olub, əhalini gözlənilən hücum barədə "xəbərdar etmiş", yüngül şey­lərini (yəni qızıl və pullarını) götürüb, kənddən çıxmağı məsləhət gördülər.

Lakin bir qədər sonra Avşar və Dəvəli kəndləri tərəfdən erməni quldur­larının maşın karvanında 300-dən çox "saqqallı" kəndə dolmuş, əvvəl adaml­arı qorxudub, söyüb, döyüb, bütün pul və qızıl əşyalarını əllərindən almış, sonra qiymətli ev əşyalarının talanına keçmişlər. Sonda kəndin azərbaycanlı əhalisini qabaqlarına salıb, artıq tam erməniləşmiş Şirazlı kəndinə tərəf apar­mağa başlamışlar. Lakin Şərur rayonundan tanklarla gələn hərbçilər yolda on­ların qarşısını kəsib, girovları xilas etmiş və onları Şərur rayonuna apardılar.

Xalisa kəndindən İsmayılova Gülgəz Məhəmməd qızı, Hüseynov Hü­seyn Bəbir oğlu Səfərov Şirzad Qəfər oğlu bu hadisələrin qurbanı oldu.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

 

INSTAGRAM
posts
followers
Follow