Yamancalı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 10 km şimalda, İnəkli kəndinin yanında, dəniz səviyyəsindən 895 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Yamandı" kimi qeyd edilmişdir (143, s. 101). Erməni ədəbiyyatında kəndin 1897-ci ildə salındığı göstərilmiş və əhalinin sayı da 1897-ci ildən hesablanmışdır (416, s. 68). Lakin bu, həqiqəti əks etdirmir. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftərində kəndin adı "Karni" və Vedi nahiyələrinə daxil olan kəndlərin tərkibində "Yamandı" formasında əksini tapmış, kəndin gəlirinin 5000 ağçadan ibarət olduğu göstərilmişdir (143, s. 101). 1932-ci ildə İrəvanda erməni dilində çap olunmuş Z.Qorqodyanın "1831-1931-ci illərdə sovet Ermənistanının əhalisi" kitabında 1831-ci, 1873-cü, 1886-cı illərdə kənddə azərbaycanlıların yaşadığı aydın şəkildə qeyd edilmişdir (415, s. 128-129). Kənddə 1831-ci ildə 137, 1873- cü ildə 214, 1886-cı ildə 199, 1897-ci ildə 257, 1908-ci ildə 272, 1914-cü ildə 300, 1916-cı ildə 280 (415, s. 48-49,128-129), 1918-ci ilin yanvarında 763 nəfər (309, s. 216) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuş (309, s. 216), Türkiyədən köçürülüb gətirilən ermənilər kəndə yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına qayıda bilmişlər. Kənddə 1922-ci ildə 53, 1926-cı ildə 67, 1931-ci ildə 66 nəfər azərbaycanlı (415, s. 48-49, 128-129) yaşamışdır. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, azərbaycanlılar 1948-1953-cü illərdə Azərbaycana köçürülmüşdür. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim "yamancah" türk mənşəli tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Erm. SSR AS RH-nin 25 may 1967-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Değçut" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 68).
Coğrafi koordinatları: 40°01' şm. e., 44°32' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/