Hacı Muxan (Hacı Muğan) - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Kəvər (Kamo) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 18 km şimal-qərbdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1920 m hündürlükdə yerləşir. Kəndin ilk adı Hacı Mumuxan olmuşdur (415, s. 68). Toponimin ikinci komponentinin ilk hecası (mu) ixtisar edilmiş və mənbələrdə "Hacı Muxan" kimi qeyd edilmişdir (415, s. 68). Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 54). Kənddə 1876-cı ildə 437, 1886-cı ildə 610, 1897-ci ildə 882, 1904-cü ildə 1034, 1914- cü ildə 1080, 1916-cı ildə 1255 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 70-71, 144- 145). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlarla qovulmuşdur (309, s. 220). Sağ qalan azərbaycanlılar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz doğma kəndlərinə dönmüşlər. Kənddə Kəvər (Kamo) və Aşağı Qaranlıq (Mar- tuni) rayonlarındakı kəndlərdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. 1922-ci ildə burada 100 nəfər azərbaycanlı, 339 erməni, 1926-cı ildə 115 nəfər azərbaycanlı, 682 nəfər erməni, 1931-ci ildə 195 nəfər azərbaycanlı, 1064 erməni yaşamışdır (415, s. 70-71, 144-145). 1948- 1953-cü illərdə azərbaycanlılar zorla kənddən köçürülmüşdür. Hazırda burada yalnız ermənilər yaşayır. Toponim Hacı Mumuxan (Hacı Muxan) şəxs adı əsasında əmələ gəlmişdir. Kəndin adı 1924-cü ildə dəyişdirilərək "Muxan" qoyulmuşdur. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Tsovazard" adlandırılmışdır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 103).
Coğrafi koordinatları: 40°28' şm. e., 45°02' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/