Xarratlı - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Zəngibasar (Masis) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 16 km şimal-qərbdə, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir. Zəngibasar rayonu təşkil edilənə qədər (14.01.1969) Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 261). Kənddə 1831-ci ildə 183, 1873-cü ildə 303, 1886-cı ildə 245, 1897-ci ildə 202, 1908-ci ildə 373, 1914-cü ildə 571, 1916-cı ildə 192, (415, s. 48^49, 128-129), 1918-ci ildə 496 (309, s. 216), 1919-cu ildə 160 nəfər (415, s. 128-129) yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin payızında azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur (309, s. 216, 222). Azərbaycanlılardan sağ qalanlar yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz kəndlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 61 nəfər azərbaycanlı, 1926-cı ildə 102 nəfər azərbaycanlı, 62 erməni, 1931-ci ildə 136 nəfər azərbaycanlı, 59 erməni yaşamışdır (415, s. 48^19, 128-129). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. İran, Türkiyə və Livandan köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. Hazırda kənddə ermənilər yaşayır. Toponim türk tayfası olan və sənət bildirən "xarratlı" sözü əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Arevabuyr" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 31).
Coğrafi koordinatları: 40°02' şm. e., 44°28' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/