Əyər - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, indi Vayotsdzor vilayətində kənd. Kəndin adı Əyər olsa da, mənbələrdə "Ağ- yar" kimi də qeyd edilir. Vilayət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhərindən 3 km cənub- şərqdə, Arpaçayın sahilində yerləşir. XIII əsrdə Amağu məbədinin tabeliyində olmuşdur (364, №736). İlk dəfə XII—XIII əsrlərdə adı çəkilmişdir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər kəndə 1828-1829-cu illərdə İranın Xoy, Səlmas və Maku vilayətlərindən köçürülmüşdür (427, s. 20; 416, s. 7). Burada 1831-ci ildə 30, 1887-ci ildə 23, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, 90-91, 160-161). İndi yalnız ermənilər yaşayır. Toponim "öz təşkilatı olan və varlılar hesabına kasıblara kömək edən şəhər yoxsullarından ibarət təbəqə" mənasında işlənən "əyar" sözü (338, s. 574) əsasında formalaşmışdır. Erm. SSR AS RH- nin 10 sentyabr 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Aqarakadzor" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 7).
Coğrafi koordinatları: 39°44' şm. e., 45°20 ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/