Muğamlı - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində kənd. Erməni müəlliflərinin əsərlərində kəndin adı "Muğamlı" kimi də göstərilir (415, s. 128). İ.Şopenin əsərində kəndin adı "Boqamli" kimi verilmişdir (386, s. 547). Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 11 km şimal-qərbdə, dəniz səviyyəsindən 825 m hündürlükdə yerləşir. Kənddə 1831-ci ildə 243, 1873-cü ildə 388, 1886-cı ildə 371, 1897-ci ildə 392, 1908-ci ildə 513, 1914-cü ildə 811, 1919- cu ildə 350 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 48-49, 128-129). 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq qırğınlar nəticəsində deportasiya olunmuş (309, s. 222), xaricdən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 58, 1926-cı ildə 64, 1931-ci ildə 28 nəfər azərbaycanlı yaşamışdır (415, s. 48-49, 128-129). SSRİ Nazirlər Sovetinin «Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim türk mənşəli "muğanlı" etnonimi (386, s. 535-537) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Erm. SSR AS RH-nin 20 avqust 1945-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Muğam", 25 yanvar 1978-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Hovtaşen" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 123).
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/