Böyük Şöllü Dəmirçi - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Zəngibasar (Masis) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 28 km şimal-qərbdə, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir. 1969-cu ildə keçmiş Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur. Kənddə 1831-ci ildə 338 (386, s. 547-548), 1886-cı ildə 1318 (Свод статических данных о населении Закавказского края, Тифлис, 1893, №101), 1922-ci ildə 238, 1926-cı ildə 417, 1931-ci ildə 453 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 82-83, 152-153). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, azərbaycanlılar 1948-1950-ci illərdə zorla Azərbaycana köçürülmüş, eyni zamanda xaricdən gətirilən ermənilər kənddə yerləşdirilmişdir. Burada yaşayan 3540 azərbaycanlı ailəsi isə 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim mənsubluq bildirən "-lu" şəkilçisinin qoşulduğu "çol" (şol - müəll.) etnonimindən (287, s. 112-114) və "dəmirçi" türk etnonimindən (271, s. 466) əmələ gəlmişdir. Toponimin əvvəlindəki "böyük" sözü fərqləndirici əlamət bildirir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Şorlu Dəmirçi", 25 yanvar 1978-ci tarixli qərarı ilə yenidən dəyişdirilərək "Daştavan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 65).
Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 3 km şimal-qərbdə, Zəngi çayının sol kənarında kənd.
1920-ci illərə qədər kənddə ancaq Azərbaycan türkləri, həmin vaxtdan 1988-ci ilə qədər azərbaycanlılarla ermənilər yanaşı yaşamışlar.
1832-ci ildə kənddə 46 təsərrüfatda 338 nəfər (196 kişi, 142 qadın), 1873-cü ildə 125 təsərrüfatda 1.400 nəfər (751 kişi, 649 qadın), 1886-cı 150 təsərrüfatda 1.318 nəfər (741 kişi, 577 qadın), 1897-cı ildə 1.360 nəfər, 1905-ci ildə 1.432 nəfər, 1914-cü ildə 2.216 nəfər Azərbaycan türkü yaşamışdır.
1918-ci ilin əvvəllərində Qərbi Azərbaycanda Andranikin erməni quldur dəstələrinin vəhşi hücumlarına ilkin məruz qalan ən böyük azərbaycanlı yaşayış məntəqələrindən biri də Şorlu kəndi olmuşdur. Bu vaxt kənddə 2.500 nəfərə qədər dinc sakin yaşayırdı. Erməni cəlladları kəndi darmadağın etmiş, talamış, sonra od vurub yandırmış, əhalisinin bir hissəsini qətlə yetirmiş, sağ qalanları doğma yurddan didərgin salmışlar.
Bölgədə Sovet hakimiyyəti qurulduqdan sonra kəndin qaçqın əhalisinin çox az bir hissəsi doğma kəndinə qayıda bilmişdir. 1922-ci ildə onların sayı 492 nəfər, 1926-cı ildə 687 nəfər, 1931-ci ildə 601 nəfər olmuşdur.
Geri qayıtmayanların bir hissəsi Türkiyə ərazisində həmişəlik məskunlaşmış, bir hissəsi isə Naxçıvana köçüb, burada yaşamışlar.
Böyük Şorlu Dəmirçi kəndində ilk ermənilər (cəmi 14 nəfər) 1926- cı ilin siyahıyaalmasında qeydə alınmışdır. Kəndə ermənilərin əsas köçü 1949-1950-ci illərdə azərbaycanlılar deportasiya olunduqdan sonra başlamışdır. Həmin erməniləri, demək olar ki, əksəriyyəti 1946-1947-ci illərdə müxtəlif xarici ölkələrdən köçürülüb gətirilən ermənilər idi.
Deportasiya olunan şorlular isə o vaxt əsasən Azərbaycanın İmişli və Bərdə rayonlarında məskunlaşdırılmışdılar. Sonralar İmişlidəki şorlu- lardan 30-40 ailə geri qayıdıb doğma yurdda yaşamaqda davam etmişlər.
1978-ci il yanvarın 25-də kəndin Şorlu adı dəyişdirilərək Daştavan qoyulmuş, bu qədim türk toponimi beləcə erməniləşdirilmişdir.
Şorlular növbəti dəfə erməni vəhşiliyi ilə 1988-ci ildə qarşılaşdılar. Daşnakların ilk hücumları bu dəfə də bu kəndə oldu. Təqib və təzyiqlər altında kəndin azərbaycanlı əhalisi yurdundan qovuldu.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/