Çaykənd - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Krasnoselsk rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 97 km şimalda, Tərsa çayının sahilində, Krasnoselsk-Dilican-İcevan yolunun üstündə, dəniz səviyyəsindən 1240 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 278). Kəndin əsası 1778-ci ildə qoyulmuşdur. Burada 1897-ci ildə 754, 1904-cü ildə 660, 1914-cü ildə 677, 1916-cı ildə 772, 1919-cu ildə 847 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 32-33, 116-117). 1919-cu ilin yazında kəndin azərbaycanlı sakinləri erməni silahlı birləşmələri tərəfindən qovulmuşdur. Sağ qalan çaykəndlilər yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə burada 569, 1926-cı ildə 616, 1931-ci ildə 662 (415, s. 32-33, 116-117), 1939-cu ildə 893, 1959-cu ildə 809, 1970-ci ildə 1140, 1979-cu ildə 1112 (416, s. 70), 1987-ci ildə 1110 nəfər (85, s. 90-91) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən tarixi torpaqlarından deportasiya olunmuşdur. Hazırda orada ermənilər yaşayır. Kənd çayın qırağında salındığı üçün "Çaykənd" adlandırılmışdır. Erm. SSR AS RH-nin 3 aprel 1991 -ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Dprabak" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 70).
Coğrafi koordinatları: 40°41' şm. e., 45°07' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/