Aşağı Qarxin - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Vağarşabad) rayonunda, Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 39 km cənub-şərqdə, Böyük Qarasu çayının yanında, dəniz səviyyəsindən 825 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 37), Qafqazın 5 verstlik xəritəsində (348, s. 123) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 318, 1873-cü ildə 369, 1886-cı ildə 420, 1897-ci ildə 586, 1904-cü ildə 568, 1914-cü ildə 604, 1916-cı ildə 631 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 82-83, 152-153). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş, kəndə 1915-1918-ci illərdə Türkiyənin Sürməli vilayətindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir (416, s. 29). Sağ qalan azərbaycanlılar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 169, 1926-cı ildə 201, 1931-ci ildə isə 212 nəfər azərbaycanlı yaşamışdır (415, s. 83,153). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, azərbaycanlılar 1948-1949-cu illərdə zorla tarixi-etnik torpaqlarından Azərbaycana köçürülmüşdür. Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən "aşağı" sözü ilə oğuz tayfalarından olan qarxin (mənbələrdə "qarqın", "qarkın" kimi qeyd edilir) etnonimi (238, s. 300) əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 15 iyul 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilərək Araks qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 29).
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/