Alpava - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 9 km şimalda, Gərnibasar çayının sağ sahilində, dəniz səviyyəsindən 880 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində Arpavar formasında qeyd edilir (415, s. 60, 419, s. 129) "İrəvan əyalətinin icmal dəftərində "Alpevi" (143, s. 99), "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğətində "Albava" (427, s. 71), "Alpava", "Alpavan" (427, s. 104) formalarında göstərilmişdir. Kənddə 1831-ci ildə 35, 1873-cü ildə 97, 1886-cı ildə 121, 1897-ci ildə 127, 1904-cü ildə 188, 1914-cü ildə 305, 1916-cı ildə 161 nəfər azərbaycanlı yaşamışdır (415, s. 46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Sağ qalan azərbaycanlılar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz kəndlərinə qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 31, 1926-cı ildə 30, 1931-ci ildə 51 nəfər azərbaycanlı yaşamışdır (415, s. 47, 127). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, azərbaycanlılar 1948- 1949-cu illərdə Azərbaycana köçürülmüş və kənd tam erməniləşdirilmişdir. Toponim qədim türk dilində "igid, qoçaq, cəsur" mənalarında işlənən "alp" sözü ilə (359, I (1), s. 430) türk dilində "düzənlik, geniş yer" (359, I (2), s. 1166), "dərə, vadi" (365, s. 403) mənasında işlənən "ova" sözünün fonetik variantı olan "ava" sözünün birləşməsindən əmələ gəlib, "igidlərin, qoçaqların məskəni, yurdu, düzənlik, vadi" mənasını ifadə edir. Erm. SSR AS RH-nin 20 avqust 1945-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Lusakert", 21 oktyabr 1967-cı il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Nşavan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 146).
Coğrafi koordinatları: 40°01' şm. e., 44°31' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/