Facebook Pixel Code
Aşağı Necili
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Aşağı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Zəngibasar (Masis) rayo­nunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 20 km şi­mal-qərbdə, dəniz səviyyəsindən 827 m hün­dürlükdə yerləşir. Keçmiş Zəngibasar (Masis) ra­yonu təşkil edilənədək 1969-cu ilə kimi keçmiş Qəmərli (Artaşat) rayonunun tərkibində olmuş­dur. Qafqazın 5 verstlik xəritəsində qeyd edil­mişdir (348, s. 186). Kənddə 1831-ci ildə 411 nəfər azərbaycanlı, 114 nəfər erməni, 1873-cü ildə 1183 nəfər, 1886-cı ildə 1147 nəfər, 1897-ci ildə 1178 nəfər, 1908-ci ildə 1430 nəfər, 1914-cü ildə 1573 nəfər, 1916-cı ildə 1074 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 48-49, 128-129). 1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Sağ qalan azərbaycanlılar yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 555,1926-cı ildə 726, 1931-ci ildə 379 nəfər azərbaycanlı yaşamışdır (415, s. 49, 129). Bu­nunla yanaşı, 1939-cu ildə 877, 1959-cu ildə 1164, 1970-ci ildə 1671, 1979-cu ildə 1818 nəfər azərbaycanlı, erməni və kürd yaşamışdır (416, s. 174). Ermənilər buraya 1828-ci ildə və 1946- 1948-ci illərdə İrandan köçürülmüşdür (386, s. 547-550; 416, s. 174). 1988-ci ilin oktyabr- noyabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermə­nilər yaşayır. Toponim fərqləndirici əlamət bil­dirən "aşağı" sözü ilə "nəcli" türk etnonimi (143, s. 30) əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixi qərarı ilə adı dəyişdirilərək Sayat Nova qoyulmuşdur. "Ermə­nistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 174).

Coğrafi koordinatları: 40°04' şm. e., 44°23' ş. u.

Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 2 km qərbdə, Uluxanlı dəmiryol stansiyasının yaxınlığında, Zəngi çayının sol sahilində kənd.

Kənddə 1950-ci ilə qədər (1828-ci ildən sonrakı qısa bir müddət is­tisna olmaqla) ancaq Azərbaycan türkləri, 1950-1988-ci illərdə azərbay­canlılarla ermənilər yanaşı yaşamışlar.

1832-ci ilin statistikasında kənddə 45 təsərrüfatda 411 nəfər (203 kişi, 208 qadın) azərbaycanlı, 24 təsərrüfatda 114 nəfər (68 kişi, 46 qadın) İran­dan köçürülüb gətirilmiş erməni siyahıya alınsa da, gəlmə ermənilər burada uzun müddət yaşamamış və 1873-cü ildə kənddə artıq ancaq azərbaycanlı əhali qeydə alınmışdır: 125 təsərrüfatda 1.183 nəfər (613 kişi, 570 qadın).

1886-cı ildə kənddə 168 təsərrüfatda 1.147 nəfər (649 kişi, 498 qadın), 1897-ci ildə 1.178 nəfər, 1905-ci ildə 1.430 nəfər, 1914-cü ildə 1.573 nəfər azərbaycanlı yaşamışdır.

1918-1919-cu illərdə kəndin əhalisi erməni daşnakları tərəfindən doğ­ma yurdundan qovulmuş və Türkiyə ərazisinə sığınmışdır. Kənd isə erməni­lər tərəfindən darmadağın edilmiş, əhalinin bir hissəsi qətlə yetirilmişdir.

Sovet hakimiyyətinin ilk illərində kəndin qaçqın əhalisinin bir qismi doğma yurda qayıtmış, kəndi təzədən bərpa edib, yaşamağa başlamışlar. 1922-ci ildə kənddə 555 nəfər, 1926-cı ildə 726 nəfər, 1931-ci ildə 627 nəfər azərbaycanlı qeydə alınmışdır.

1950-ci ildə kəndin azərbaycanlı əhalisinin bir hissəsi deportasiya olunmuş və kənddə xaricdən gətirilmiş erməni ailələrinin yerləşdirilmişdir.

1978-ci il yanvarın 25-də kəndin Aşağı Necili adı dəyişdirilərək Sayat Nova qoyuldu.

1988-ci ildə kənddə 490 təsərrüfat vardı. Onun 90-ı erməni, 10-12-i müsəlman kürdü, qalanları (təqribən 390-ı) azərbaycanlılar idilər.

1988-ci il soyqırımı Aşağı Necili kəndində də azərbaycanlı əhalinin doğma yurdundan vəhşicəsinə qovulması ilə nəticələndi. Ermənilərin Aşağı Necili kəndinə ən dağıdıcı hücumu 1988-ci il iyunun 18-də oldu. Həmin gün ermənilər Aşağı Necili kəndinə bir neçə istiqamətdən hücuma keçdilər. Evlər dağıdıldı, yandırıldı. Bu vəhşi aksiyaya rayonun erməni rəhbərləri özləri başçılıq edirdilər.

Kəndin iki məscidi vardı, biri kəndin cənub hissəsində, digəri Zəngi çayına yaxın yerdə idi. Köhnə məscidin xarabalıqları dururdu və onun nə vaxtdan tikildiyi məlum deyildi. Təzə məscid XX yüzilin əvvəllərində tikilmişdi. Aşağı Necili camaatı dini adət, mərasim və ayinləri həmişə ciddi şəkildə gözləyər və bunlara əməl edərdilər.

Kəndin iki də müsəlman qəbiristanlığı vardı. Köhnə qəbiristanlıq Zəngi çayının o tayında yerləşirdi. Təzə qəbiristanlıq kəndin içində, məscid binasının arxa tərəfində, Zəngiyə doğru idi. 1950-ci ildən etibarən kənddə məskunlaşmağa başlayan gəlmə ermənilər isə özlərinə yeni erməni qəbiristanlığı salmışdılar.

Kəndin təzə müsəlman qəbiristanlığında Mir Abbas ağanın qəbri yerləşirdi ki, bu qəbir ocağa çevrilmişdi. Kənddə and içəndə Mir Abbas ağanın qəbrinə and içir, onun ocağına qurban deyir, niyyət edirdilər.

Hacı Mir Cəlil ağanın ocağı da adamların iman yeri idi.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow