Ağcaqala - İrəvan quberniyasının Eçmiədzİn qəzasında, keçmiş Üçkilsə (Vağarşabad) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 19 km şimal-şərqdə, Alagöz dağının cənub-qərbində, dəniz səviyyəsindən 885 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (143, s. 163), Qafqazın 5 verstlik xəritəsində (348, s. 4) qeyd edilmişdir. Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşamışdır. Buraya ermənilər 1828-1830-cu illərdə İranın Maku vilayətindən köçürülmüşdür (416, s. 99). Kənddə ermənilərlə yanaşı, 1831 -ci ildə 79, 1873-cü ildə 38, 1886-cı ildə 6, 1897-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır (415, s. 80-81, 150-151). 1918-ci ildə kənddə yaşayan azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Toponim Azərbaycan dilində sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən "-ca" şəkilçisinin qədim türk dilində "kiçik, alçaq, çox da hündür olmayan" mənasında işlənən "ağ" sözü ilə (94, s. 68) "qala" sözünün birləşməsindən əmələ gəlib, "kiçik, alçaq qala yanında olan kənd" mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilib "Tsaxqa- lanc" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 99).
Coğrafi koordinatları: 40°12' şm. e., 44°13' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/