Başköy - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Artik rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 25 km cənub-şərqdə, dəniz səviyyəsindən 1970 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Başkənd kimi (143, s. 128), Qafqazın 5 verstlik xəritəsində "Baş kyoq" formasında (348, s. 34) qeyd edilmişdir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Toponim Azərbaycan dilində "əsas, böyük, dağın zirvəsi" mənalarında işlənən "baş" sözü ilə müasir türk dilində "kənd" mənasında işlənən "köy" sözünün birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 31 may 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Saralanc" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 176).
Coğrafi koordinatları: 40°37' şm. e., 44°01' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/