Qolqat (Kərpicli)- İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Artik rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 27 km şimal-qərbdə, dəniz səviyyəsindən 870 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 64). Kəndin digər adı "Qovluqat"dır (415, s. 24). Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışlar. 1828-1829-cu illərdə Türkiyənin Muş, Xnıs (Hnıs), Ələşkirt vilayətlərindən köçürülən ermənilər kənddə yerləşdirilmişdir (416, s. 54). Kənddə ermənilərlə yanaşı, 1831 -ci ildə 17, 1873-cü ildə 13, 1897-ci ildə 18 nəfər azərbaycanlı yaşamışdır (415, s. 24-25, 110). XX əsrin əvvəllərində 1905-1906-cı illərdə azərbaycanlılar erməni silahlıları tərəfindən kənddən deportasiya olunmuşlar. Toponim türk dilində "susuz dərə", "çay yeri", "axar", "çay" (2, s. 297), "dərə, vadi" (299, s. 453) mənalarında işlənən "qol" sözü ilə "bataqlıq" mənasında işlənən "qat" sözünün (339, s. 141) birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Erm. SSR AS RH-nin 15 iyul 1948-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Geğanist" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 54).
Coğrafi koordinatları: 40°41' şm. e., 44°01' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/