Şidli - İrəvan quberniyasının İrəvan qəzasının Vedibasar mahalında, keçmiş Vedi rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 12 km cənub-şərqdə, Araz çayının sol sahilində, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Kəndin adı Qafqazın 5 verstlik xəritəsində (348, s. 295) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 263, 1873-cü ildə 806, 1886-cı ildə 823, 1897-ci ildə 992, 1914-cü ildə 855, 1916-cı ildə 842 nəfər azərbaycanlı yaşamışdır (415, s. 86-87, 156-157). 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdiyi qırğınlar nəticəsində kənddən qovulmuşlar. Qovulan əhali bir müddət İran ərazisində sığınacaq tapmışdır. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri doğma yurdlarına dönmüşlər. Kənddə 1922-ci ildə 571, 1931-ci ildə 470 (415, s. 86-87, 156-157), 1972-ci ildə 1357, 1987-ci ildə 2000 nəfər (85, s. 238-239) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən öz kəndlərindən tamamilə qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır. "Şad" sözü qədim türk dilində "hərbi rütbə" mənasında işlənmişdir (299, s. 519). "Şidli" toponimi xəzərlərdə "hərbi titul" mənasında işlənən "şad" sözünə (299, s. 519) mənsubluq bildirən "-h" şəkilçisinin artırılması yolu ilə əmələ gələn "şadlı" sözü əsasında formalaşıb. "Şidli" kimi sabitləşmiş və etnonimə çevrilmişdir. Erm. SSR AS RH-nin 3 aprel 1991 -ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Yexeq- navan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 72).
Coğrafi koordinatları: 39°49' şm. e., 44°38' ş. u.
Vedibasar mahalının aran hissəsində, Ağrıdağ vadisində, Ağrı dağı ilə üzbəüz, Araz çayının sahilində, Vedi rayonunun mərkəzi olan Böyük Vedi qəsəbəsindən 13 km cənub-qərbdə kənd.
Kənddə ancaq Azərbaycan türkləri yaşamışlar.
Vedibasar mahalının Şidli kəndində 1832-ci ildə 35 ailədə 263 nəfər (135 kişi, 128 qadın), 1873-cü ildə isə 106 ailədə 806 nəfər (453 kişi, 353 qadın), 1886-cı ildə 127 təsərrüfatda 823 nəfər (460 kişi, 363 qadın), 1897-ci ildə 993 nəfər Azərbaycan türkü yaşamışdır.
1918-1920-ci illərdə kənd daşnaklar tərəfindən dağıdılmış, kəndin sağ qalan əhalisi Arazın o tayına mühacirət etmişdir.
Bölgədə Sovet hakimiyyəti qurulduqdan sonra geri qayıdan 571 nəfər kənd sakini kəndi yenidən bərpa etmiş, dinc həyata başlamışlar. 1926- cı ildə kənddə 607 nəfər, 1931-ci ildə 465 nəfər, 1972-ci ildə isə 236 təsərrüfatda 1.357 nəfər azərbaycanlı əhali qeydə alınmışdır.
Şidli kəndi 1988-ci il hadisələrinə qədər Vedi rayonu ərazisində yeganə xalis azərbaycanlı kəndi idi.
Sürətlə inkişaf edən kənddə 1988-ci ildə əhalinin sayı artıq 400-ə yaxın təsərrüfatda 1.900 nəfərə çatmışdı ki, onlar da 1988-ci il dekabrın 3-də sonuncu nəfərinə qədər qovulub kənddən çıxarılmışdır. Həmin gün (dekabrın 3-də) Naxçıvanın Şərur rayonu tərəfdən tanklar və BTR-lərlə gələn hərbçilər mühasirəni yararaq kəndə girmiş, hər 3-4 ailəni bir zirehli maşına doldurub, sərhəd zolağı ilə camaatı sağ-salamat çıxarıb Naxçıvan ərazisinə çatdırmışdılar. Adamlar quru canlarından başqa, bütün əşyalarını buraxıb çıxmağa məcbur olmuşdular.
1991-ci il aprelin 9-da isə kəndin adı dəyişdirilərək Yexeqnavan qoyulmuşdur.
1950- ci illərə qədər Şidli kəndi ərazisində qalmaqda olan iri daş parçasının üzərindəki yazılar, at və qoç şəkilləri Şidli kəndinin 1300-1350 il əvvəlki tarixinin nişanələri idi. Lakin təəssüf ki, ermənilər tarixi abidə adı ilə həmin daşı oradan apardılar və məhv etdilər. Kəndin ərazisində - Qaxanov kanalı ilə Məşədi Seyfulla arxı arasında Qoçdaşı deyilən ərazidəki iri qoç daşı, kəndin Sünnü qəbiristanlığı adlanan köhnə qəbiristanlığındakı Atdaşı adlanan kiçik at böyüklükdə yəhərli-yüyənli daş at heykəli bu yerlərin qədimdən türk yurdu olduğunu təsdiq edir.
Araz qırağında, Məşədi Seyfulla arxının başında Pirəl-Mürsəl ocağı və ya İlğınlı ocaq deyilən ziyarətgah vardı. bu ziyarətgah kənd adamlarının inanc yeri idi.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/