Bitticə - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Qəmərli (Artaşat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 20 km şimal-şərqdə, dəniz səviyyəsindən 1100 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s. 39) qeyd edilmişdir. Kənddə 1897-ci ildə 246, 1914-cü ildə 198, 1916-cı ildə 195 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 73, 1926-cı ildə 60, 1931-ci ildə 85 nəfər azərbaycanlı yaşamışdır (415, s. 45, 127). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, azərbaycanlılar 1948-1950-ci illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüşdür. Hazırda orada yalnız ermənilər yaşayır. Toponim türk mənşəli "bitli" etnoniminə (271, s. 33) "-cə" şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Erm. SSR AS RH-nin 20 avqust 1954-cü il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Bartsraşen" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 44).
Coğrafi koordinatları: 40°05' şm. e., 44°34' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/