Yuxarı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Zəngibasar (Masis) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Artaşat (Qəmərli) şəhərindən 20 km şimalda, dəniz səviyyəsindən 835 m hündürlükdə yerləşir. 1969-cu ildə - Zəngibasar (Masis) rayonu təşkil edilənədək keçmiş Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 186). Kənddə 1831-ci ildə 155, 1873-cü ildə 540, 1886-cı ildə 654, 1897-ci ildə 791, 1908-ci ildə 933, 1914-cü ildə 945, 1916-cı ildə 732 nəfər azərbaycanlı yaşamışdır (415, s. 48-49, 128-129). 1918-ci ilin sonu - 1919-cu ilin əvvəllərində kənd əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur (309, s. 220). Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişlər. Kənddə 1922-ci ildə 319, 1926-cı ildə 365, 1931-ci ildə 627 nəfər azərbaycanlı yaşamışdır (415, s. 48-49, 128-129). 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Toponim fərqləndirici əlamət bildirən "yuxarı" sözü ilə nəcli (necili) türk tayfasının adı (143, s. 30) əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Nizami" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 146).
Coğrafi koordinatları: 40°05' şm. e., 44°24' ş. u.
Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı kəndindən 1,5 km şimalda, Zəngi çayının sol kənarında kənd.
Kənddə 1950-ci ilə qədər ancaq Azərbaycan türkləri (1828-ci ildən sonrakı qısa müddət istisna olmaqla), 1951-1988-ci illərdə isə azərbaycanlılarla ermənilər yanaşı yaşamışlar. 1988-ci ildə kənd bütünlüklə er- məniləşdirilmişdir.
1832-ci ildə kənddə 20 təsərrüfatda 155 nəfər (86 kişi, 69 qadın) Azərbaycan türkü, 14 təsərrüfatda 76 nəfər (38 kişi, 38 qadın) İrandan mühacirət etmiş gəlmə erməni qeydə alınmışdır.
1873-cü ilin statistik məlumatlarında kənddə 75 təsərrüfatda 540 nəfər (317 kişi, 223 qadın) Azərbaycan türkünün yaşadığı göstərilmişdir. 1873-cü ildə kənddə bir nəfər də erməninin qeydə alınmaması təsdiq edir ki, 1828-1829-cu illərdə kəndə köçürülən 76 nəfər İran ermənisi az sonra kəndi tərk edib, digər yaşayış məntəqələrinə getmişlər.
1886-cı ildə kənddə 101 təsərrüfatda 654 nəfər (376 kişi, 278 qadın), 1897-ci ildə 791 nəfər, 1905-ci ildə 933 nəfər, 1914-cü ildə 995 nəfər azərbaycanlı əhali yaşamışdır.
1918-ci ildə kəndə hücum edən erməni daşnak silahlı dəstələri kəndi talamış, əhalisinin bir hissəsini qətlə yetirmiş, sağ qalanlar Arazı keçib, Türkiyəyə, İrana mühacirət etmişlər. Kənd bir neçə il xaraba qalmış, yalnız Sovet hakimiyyətinin ilk illərində kəndin qaçqın əhalisinin bir hissəsi doğma yurda qayıtmaq imkanı əldə etmişdir. Əhali dağıdılmış, yandırılmış evlərini təzədən bərpa etmiş, kəndi abadlaşdırmışdır. 1922-ci ildə onların sayı 319 nəfər, 1926-cı ildə 361 nəfər, 1931-ci ildə 379 nəfər olmuşdur.
1948-1953-cü illərdə Yuxarı Necili kənd əhalisinin bir hissəsi zorla Azərbaycana deportasiya olunmuş, Ucar rayonuna köçürülmüşlər. Lakin Zəngibasardan kəskin şəkildə fərqli iqlim şəraitinə uyğunlaşa bilməyən camaat bir müddət sonra geri qayıtmışdır.
Zəngibasarın bərəkətlə və abad kəndlərini erməniləşdirmək ermənilərin çoxdankı arzusu idi. Ona görə də kəndi tədricən erməniləşdirmək məqsədilə bura 1951-ci ildə Ellər (Kotayk) rayonunun Artız kəndindən 50 erməni ailəsi köçürülüb gətirilmişdi.
1978-ci il yanvarın 25-də kəndin Yuxarı Necili adı dəyişdirilərək Nizami qoyulmuşdur.
1988-ci il soyqırımı həmin ilin noyabrının sonunda Yuxarı Necili kəndini də haqlamış, rayonun bütün dövlət və inzibati orqanlarının iştirakı ilə kəndin azərbaycanlı əhalisi ermənilərə xas vəhşiliklə öz dədə-baba ocaqlarından qovulub çıxarılmışlar. Həmin hadisələr zamanı kəndin 1932- ci il təvəllüdlü sakini - Mehdiyev Sabir Qurbanəli oğlu ermənilər tərəfindən qətlə yetirilmişdir.
Yuxarı Necili kəndində keçmişdə bir qəbiristanlıq, bir məscid olmuşdur. Qəbiristanlıq zəvvar yolunun kənarında olduğu üçün ətraf kəndlərdən ən hörmətli adamların cənazələrini gətirib, burada dəfn edərdilər ki, zəvvarlar rəhmət oxusunlar. Deyilənə görə, həmin qəbiristanlığın yeri təxminən 300 il əvvəl necililər tərəfindən xanlıqdan qızıl pulla alınmışdı.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/