Facebook Pixel Code
Sarvanlar
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Sarvanlar - İrəvan quberniyasının İrəvan qə­zasında, keçmiş Zəngibasar (Masis) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Ar­taşat (Qəmərli) şəhərindən 20 km şimal-qərbdə, Araz çayının yaxınlığında, dəniz səviyyəsindən 828 m hündürlükdə yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək keçmiş Vağarşabad (Eç­miədzin) rayonunun tərkibində olmuşdur. Kən­din ilk adı "Ulya Sarvanlar" (yəni ərəbcə "Yuxarı Sarvanlar" - müət) olmuşdur (415, s. 82). Qafqa­zın 5 verstlik xəritəsində kəndin adı "Sarvanlar Ulya" kimi göstərilir (415, s. 219). Kənddə 1831 -ci ildə 153, 1873-cü ildə 970, 1886-cı ildə 1024, 1897-ci ildə 953,1904-cü ildə 1465,1914-cü ildə 1910, 1916-cı ildə 801 nəfər yalnız azərbaycan­lı yaşamışdır (415, s. 82-83, 152-153). 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olun­muşlar. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 372, 1926-cı ildə 418, 1931-ci ildə 404 (415, s. 82-83, 152-153), 1939-cu ildə 580, 1959-cu ildə 816,1970-ci ildə 1253,1979-cu ildə 1552 nəfər (416, s. 180) yalnız azərbaycanlı ya­şamışdır. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR- dən Azərbaycan SSR-in Kür-Araz ovalığına kö­çürülməsi haqqında" 23 dekabr 1947-ci il tarix­li qərarına əsasən, kəndin sakinləri 1948-ci ildə zorla Azərbaycana köçürülmüşlər. 1950-ci illərdə onların bir qismi yenidən öz kəndlərinə qayıda bilmişdir. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən törədilən qırğınlar nəticəsində azərbaycanlılar kənddən deporta­siya olunmuşdur. Hazırda kənddə yalnız ermə­nilər yaşayır. Toponim kəngərli qədim türk tay­fasından olan "sarvanlar" etnonimi (386, s. 537) əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 aprel 1991-ci il tarixli qərarı ilə kəndin adı də­yişdirilərək "Sis" qoyulmuşdur. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ararat vilayətinin inzibati ərazisinə daxil edilmiş­dir (416, s. 180).

Coğrafi koordinatları: 40°03' şm. e., 44°23' ş. u.

SARVANLAR (ULİYA SARVANLAR)

Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 6 km cənub-qərbdə, Zəngi çayının sağ sahilində kənd.

Kənddə ancaq Azərbaycan türkləri yaşamışlar.

Mənbələr bu kəndin Sarvanlar adı ilə 1501-ci ildən məlum ol­duğunu təsdiq edir. Statistik məlumatlarda (1832, 1873, 1886 və s.) kənd Uliya Sarvanlar adı ilə qeydə alınmışdır.

Kənddə 1832-ci ildə 28 təsərrüfatda 153 nəfər (86 kişi, 67 qadın), 1873-cü ildə 110 təsərrüfatda 970 nəfər (516 kişi, 454 qadın), 1886-cı ildə 156 təsərrüfatda 1.024 nəfər (590 kişi, 434 qadın), 1905-ci ildə 1.465 nə­fər, 1914-cü ildə 1.910 nəfər azərbaycanlı əhali yaşamışdır.

1918-ci ildə kənd erməni daşnaklarının aramsız hücumları nəticəsin­də dağıdılmış, talan edilmiş, əhalisinin bir hissəsi qətlə yetirilmiş, sağ qa­lanlar kənddən qovulmuş, Türkiyə və İran ərazilərinə mühacirət etmişlər.

Sovet hakimiyyətinin ilk illərində kəndin qaçqın əhalisinin az bir qismi Vətənə qayıda bilmiş, 1922-ci ildə onların sayı 372 nəfər, 1926-cı ildə 418 nəfər, 1931-ci ildə 404 nəfər olmuşdur. Onlar dağıdılmış evlərini bərpa etmiş, təzədən özləri üçün gün-güzəran düzəltmişlər.

1988-ci ildə Qərbi Azərbaycan türklərinin növbəti soyqırımı zamanı kənd əhalisinin bütün var-dövləti əllərindən alınaraq, vəhşicəsinə qovul­muşlar. Bu hadisələr zamanı Sarvanlar kəndindən iki nəfər - Əliyev Abbas Mürsəl oğlu Abbasov Bəxtiyar Məhəmməd oğlu ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilmişlər.

Kəndin əvvəlki Uliya Sarvanlar adı Sovet dövründə rəsmi sənədlərdə sadəcə Sarvanlar kimi qeydə alınmış və kəndin Sarvanlar rəsmi adı isə 1991-ci il aprelin 19-da dəyişdirilərək Sis qoyulmuşdur.

Kənd ərazisində beş qəbiristanlıq mövcud olmuşdur. Onlardan biri Ərzənli körpüsünün yanında, digəri Qara Şor deyilən yerdə, üçüncüsü Də­mirçi kanalının yanında (burada çoxlu qoç başdaşıları vardı), dördüncüsü “Ocaq“ ziyarətgahının yanında, beşincisi Qarasuyun kənarında yerləşirdi.

Kənddəki Qara Pirim ocağı Soybulaq adamların inam yeri idi. Qara Pirim ocağının qabağında yulğun ağacı vardı, onu qıranda qan axırmış. Sultan adlı bir kişi bu yulğunun budağını qırıb gətirir evə, baxır ki, ağacdan qan axır, aparır molla yanına, molla deyir ki, apar qoy yerinə, sən böyük ziyan çəkəcəksən. Az sonra kişinin Qəmər adlı qızı təndirə düşüb yanır. Özü isə müharibəyə gedib, bir daha qayıtmır.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow