Aşnak - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Talın (Talin) rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 50 km şimal- qərbdə, Alagöz dağının cənub-qərbində, İrə- van-Talin avtomobil yolunun sol tərəfində, dəniz səviyyəsindən 1420 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 85), Qafqazın 5 verstlik xəritəsində (348, s. 303) qeyd edilmişdir. Kəndin adı həm də "Eşnək" formasında göstərilir (348, s. 303; 415, s. 34; 427, s. 294). Kəndin adı ilk dəfə V əsrdə xatırlanır. Burada IV-V əsrlərə aid alban kilsəsinin qalıqları, IX-X əsrlərdə tikilən qalanın xarabalıqları indi də durur. Qədim Aşnak kəndi indiki Aşnak kəndindən 5 km qərbdə yerləşmişdir (427, s. 294). Kənddə 1831-ci ildə 62, 1873-cü ildə 363, 1886-cı ildə 469, 1897-ci ildə 744, 1904-cü ildə 477, 1914-cü ildə 507, 1916-cı ildə 806 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 34-35, 116- 117). Kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi torpaqlarından deportasiya olunmuşdur. Bura 1915-1920-ci illərdə Türkiyənin Sasun vilayətinin kəndlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir (427, s. 294; 416, s. 22). Kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra ata-baba torpaqlarına qayıda bilmişdir. 1922-ci ildə kənddə ermənilərlə yanaşı, 22 nəfər azərbaycanlı yaşamışdır (415, s. 117). Onlar 1924-1925-ci illərdə sıxışdırılaraq kənddən qovulmuşdur. Lakin tarixi faktlar erməni müəlliflərinin əsərlərində saxtalaşdırılaraq təhrif edilir. "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə göstərilir ki, Aşnak kəndində 1831-ci ildə 62, 1873-cü ildə 363 nəfər erməni yaşamışdır (427, s. 294). Halbuki bu illərdə kənddə ermənilər yox, təkcə azərbaycanlılar yaşamışdılar (415, s. 116). Hazırda kənddə ermənilər yaşayır. Toponim "aşina/aşna" türk etnoniminə (180, s. 30; 393, s. 16-20) cəmlik bildirən "-k" şəkilçisinin artırılması yolu ilə düzəlib, "aşina tayfasının yaşadığı kənd" mənasını ifadə edir. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 22).
Coğrafi koordinatları: 40°19' şm. e., 43°55' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/