Kiçik Zeyvə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Eçmiədzin (Vağarşapad) rayonunda, indi Armavir vilayətində kənd. Eçmiədzin yaşayış məntəqəsindən 5 km cənub-şərqdə yerləşir. Kəndin digər adı "Türk Zeyvəsi" (415, s. 82), "Tatar Zeyvəsi" (Сборник сведений о Кавказе, т. V, Тифлис, 1892, № 393) olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 97). Kənddə 1831-ci ildə 234,1873-cü ildə 492, 1886-cı ildə 516, 1897-ci ildə 580, 1904-cü ildə 550, 1914-cü ildə 598, 1916-cı ildə 491 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 82-83, 150-151). 1920-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən "kiçik" sözü ilə ərəb dilində "guşə, künc, bucaq" mənasında işlənən "zaviyə" (104, s. 207) sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Arataşen" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 24).
Coğrafi koordinatları: 40°07' şm. e., 44°11' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/