Saçlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Abaran rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 61 km şimal-qərbdə, Abaran çayının sol qolu üstündə, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 113), Qafqazın 5 verstlik xəritəsində (348, s. 22) adı qeyd edilmişdir. Kəndin digər adı "Sacılı" olmuşdur (415, s. 4). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Ədirnə müqaviləsinə (1829) əsasən, ermənilərin Türkiyədən köçürülüb məskunlaşdırılmasından sonra əhali tədricən kəndi tərk etmişdir. Toponim "sacilər" (saclı, saçlı) tayfa adı əsasında formalaşmışdır (63, s. 196). Erm. SSR AS RH-nin 15 iyul 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Noraşen", Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Şoğakn" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s.160).
Coğrafi koordinatları: 40°28' şm. e., 44°28' ş. u.