Facebook Pixel Code
GoMap XƏRITƏ
Beynəlxalq Muğam Mərkəzi
Baxış sayı:
Avtobus

Muğam (ərəb: yer, məkan) – Azərbaycan musiqisində şifahi ənənəli professional musiqi sənəti; şifahi ənənəyə malik Azərbaycan klassik musiqi janrlarından biri; iri həcimli vokal – instrumental və ya instrumental əsər.

 

Muğam yarandığı zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış, kamilləşmişdir. Bütün Şərq xalqlarının mədəniyyətində belə bir musiqi növü vardır, lakin müxtəlif regionlarda yaşayan xalqlarda müxtəlif adlarla yaşayır: azərbaycanlılarda muğam, iranlılarda – dəstgah, ərəblərdə makam, türklərdə təqsim, tacik və özbəklərdə şaşmakom, uyğurlarda patet, qazaxlarda küy, qırğızlarda kü və s. Belə ad müxtəlifliyinə baxmayaraq, onları birləşdirən əsas cəhət muğamın yalnız professional musiqiçilər tərəfindən yaradılması və ifa olunmasıdır.  Muğam tipli sənət nümunələri bütün Şərq xalqlarında əsrlərdən bəri sabit qanunlar əsasında çalınıb – oxunaraq yaradılan silsilə əsərlərdir. Onlar varislik ənənəsi ilə mənilsənilərək, nəsil – nəsil qorunur. Bununla yanaşı, hər bir xalqın mədəniyyətinə və musiqisinə xas olan milli xüsusiyyətlər bu sənət növündə həm musiqidə, həm də ifaçılıqda özünü büruzə verir. Bu da onları bir-birindən fərqləndirən əsas cəhətdir.

 

 

2008-cu il dekabrın 27-də Bakıda, dənizkənarı Milli parkda Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur.

Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Belə bir mədəniyyət ocağının tikilməsi, muğamın daha da inkişaf etdirilməsi və təbliği üçün görkəmli xanəndələrin, muğam bilicilərinin iştirakı ilə "dəyirmi masa" keçirilmiş və Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınmışdı. Bundan sonra 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb. Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılmışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilib. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşədən istifadə olunmuşdur.

Azərbaycan-YUNESKO əməkdaşlığının bəhrəsi olan Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası vardır. Bina müasir havalandırma və istilik sistemləri ilə təchiz edilmişdir.

Son xəbərlər