Azərbaycan və Gürcüstan sərhədində, İkinci Şıxlı kəndinin ərazisində, Xram çayı üzərində salınmış bu körpünün çox böyük keçmişi vardır.
Orta əsrlərdə bu körpü nəinki təkcə bu iki ölkəni, eləcə də Avropa və Asiyanı, bütün Yaxın Şərq ölkələrini birləşdirir, Çin səddindən başlayaraq «İpək yolu» adlanan bu yol həmin bu körpüdən keçirmiş.
İngilis tarixçisi Poup və sənətşünaslıq doktoru L. Bretanitski körpünün salınması tarixini XII əsrə aid edir. VII-VIII əsr alban tarixçisi Movsey Kalankatlı özünün «Alban tarixi» əsərində yazır: «Knyaz Feodil Uti vilayətinə gələrək (Uti vilayəti o vaxtlar Qafqaz Albaniyasının Gürcüstan ilə sərhəd olan vilayətlərindən biri olub) Sınıq körpü yaxınlığında Kür çayı sahillərində yerləşdi.» Buradan belə aydın olur ki, Movsey Kalankatlı tərəfindən «Alban tarixi» yazılan vaxtlar körpü dağılmışdı və Sınıq körpü adlanırdı. Körpünün tikintisi ilə əlaqədar yazılı daşların birində onun memarının Qəzvinli Məhəmməd ibn Osmanın olduğu, XV əsrdə salındığı göstərilir. Çar Rostom (Xosrov Mirzə) onu (Qırmızı körpünü ) uçub dağılmış daş körpünün bir az aşağısında inşa etmişdir... Həmin körpünü “Sınıq körpü” (belə ki, sınmış körpü) adlandırmışlar.
Görünür həmin Sınıq körpünün xarabalıqları yaxınlığında qırmızı kərpiclə yeni körpü tikilir ki, bu da qırmızı kərpiclərə görə Qırmızı körpü adını daşımışdır. Həmin vaxtdan körpünün adı paralel olaraq «Sınıq körpü» və Qırmızı körpü adlanmışdır. Belə ki, Mirzə Camal Cavanşir Qarabaği qırmızı kərpiclə tikilmiş bu körpünü rusların Qırmızı körpü adlandırdığını qeyd edir. Onun «Qarabağnamə» əsərində oxuyuruq: «Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədi belədir: Cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmşəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar.»
XII əsrdə Məhəmməd Cahan Pəhləvanın göstərişi ilə inşa edilmiş Qırmızı körpünün ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli rolu olub. Qırmızı körpüyə el arasında “Sınıq körpü” də deyilir. Şərqlə Qərbi birləşdirən böyük ticarət arteriyasının üzərində yerləşən Sınıq körpü vaxtilə həm də karvansara rolunu oynayıb. Belə ki, körpünün altında kiçik otaqlar var. Böyük İpək Yolundan keçib gedən tacirlər gecələmək üçün həmin karvansarada qalırmış.
Xramçayın üzərində tikilən körpünün eni 4, uzunluğu isə 175 metrdir. Körpü dörd tağdan ibarətdir. Uzunmüddətli istismardan sonra Qırmızı körpü XVII əsrdə Şah Abbas tərəfindən əsaslı şəkildə təmir edilib. Körpünün iç və çöl divarlarında ərəb əlifbası ilə yazılmış kitabələr var. Körpünün Gürcüstan tərəfdə keçidinin yaxınlığında minarə də olub. Sonradan həmin minarə məhv edilib. Körpünün üzərindəki kitabələrin əksəriyyəti də gürcülər tərəfindən pozulub. Məqsəd gürcülərin körpünü özününküləşdirmək istəyi olub. Minarənin mövcud olması və körpünün üzərindəki ərəb əlifbası ilə yazılmış kitabələr onun Azərbaycan mədəniyyətinin və tarixinin bir parçası olduğunu bir daha sübuta yetirir. Onu da qeyd edək ki, sərhəd bölgələrimizdə yerləşən abidələrin əksəriyyəti zaman-zaman mübahisə mövzusu olub.
http://qarapapaqlar.borchali.net/index.php?cat=oxu&id=196
http://news.qaynar.info/index.php?mod=view&id=16144