Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bu gün Beynəlxalq Caz Günüdür

    Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd olunur.

    AZƏRTAC xəbər verir ki, Beynəlxalq Caz Günü münasibətilə dəyirmi masalar, caz improvizələrinə dair ustad dərsləri, habelə caz mövzusu ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. Bu tədbirlər cazın vətəni hesab edilən Yeni Orleanın Konqo meydanında xüsusi konsert proqramı ilə davam etdirilir.

    Dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir. Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub. Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayıb. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanmışdı. Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtuoz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir və yeni nailiyyətlərə imza atır.

    Böyük təməllər üzərində qurulmuş Azərbaycan cazı indi gənc ifaçıların timsalında daha da inkişaf edir. Beynəlxalq Montre Caz Festivalının qalibi İsfar Sarabskinin adını çəkmək yetərlidir ki, Azərbaycanda caz ənənəsinin necə yaşadığının şahidi olasan. Həmçinin Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli kimi tanınmış ifaçılar bu ənənələri uğurla davam etdirirlər.

  • Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı açıqlanıb

    Azərbaycanda 3 min avtobusu elektrikli avtobuslarla əvəz etmək hədəflənir.

    Bunu “Report”a Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev deyib.

    Onun sözlərinə görə, Bakıda, Abşeronda bütün avtobuslar uzunmüddətli perspektivdə elektrikli avtobuslarla əvəz ediləcək: “Xətdən çıxarılanlar regionlara göndəriləcək və uzunmüddətli perspektivdə regionlardakı da elektrikli avtobuslarla əvəz ediləcək”.

    F.Əliyev deyib ki, elektrikli avtobusların gətirilməsi üçün müvafiq infrastruktur olmalıdır.

    Nazirlik rəsmisi vurğulayıb ki, ölkədə reallaşdırılacaq elektrik avtobuslarının istehsalı layihәsindә İqtisadiyyat Nazirliyinə məxsus “Azәrbaycan İnvestisiya Şirkәti” ASC payçı kimi iştirak edәcәk. Layihә üzrә Çinin BYD şirkәtinin yerli tәrәfdaşı “SARDA Group” şirkәtlәrinә mәxsus “Electrify Azerbaijan” MMC-dir. BYD Sumqayıt Kimya Sәnaye Parkında qurulacaq zavodda elektrik mühәrrikli avtobusların istehsalına ilkin olaraq 34 milyon ABŞ dolları investisiya qoymaq istəyir. Daxili tәlәbat vә ixrac imkanları nәzәrә alınmaqla illik istehsal hәcminin 500 әdәd olması nәzәrdә tutulur. Layihә çәrçivәsindә 800 yeni iş yerinin yaradılması planlaşdırılır.

    “Hazırda Çinin 3 şirkətindən avtobuslar alınır və hansı yaxşı olduğu araşdırılır. Bu şirkətlərin avtobusları bir-birilərindən fərqlənir", - deyə o qeyd edib.

  • Bu gün Beynəlxalq Rəqs Günüdür

    Aprelin 29-u peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır. Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.

    AZƏRTAC xəbər verir ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən hər il qeyd olunur.

    Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır.

    Kökləri eramızdan əvvəlki minilliklərə gedib çıxan milli rəqslərimiz tariximizlə ayrılmaz surətdə bağlı olub, xalqımızın milli xüsusiyyətini, həyat və məişətini əks etdirir. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir.

    Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə – “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.

    Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bu gün tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş edir.

    Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdiriblər.

    Azərbaycan Respublikası Prezidentinin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında 2014-cü il 30 aprel tarixli Sərəncamı isə müvafiq sahəyə olan diqqət və qayğının daha bir nümunəsidir. Belə bir akademiya həm də Şərq aləmində ilk dəfə bizim ölkədə yaradılıb.

  • “Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

    “Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək FAHREE və İlkin Dövlətovun ifasında səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib.

    Bu barədə AZƏRTAC-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

    Klipdə sevgi vasitəsilə qaranlıqdan qurtulmuş, sevginin gücü ilə ətrafa nur saçan insanın (FAHREE) və onun səsi ilə sədalaşan kainatın, həyatın (İlkin Dövlətov) səsinin birləşməsi təsvir olunur. Mahnıdakı müasir musiqi və ənənəvi muğamın sintezi insanın və dünyanın sevgi vasitəsilə birləşməsinin metaforası kimi təqdim edilir.

    Avroviziyanın rəsmi yutub hesabında təqdim olunan bu musiqili video həm də təmsilçilərimizin İsveçin Malmö şəhərində mayın 7-də göstərəcəyi performansın birinci hissəsidir. Mahnının ötürdüyü “yalnız sevgi olan yerdə həyat var”, “sevməyi bacaran insan kainatın, bəşəriyyətin, təbiətin, əcdadlarının səsini duymağa qadirdir” mesajı klipin süjetində də, səhnə quruluşunda da əksini tapır.

    Klip Azərbaycanın tarixi və mədəni irsi olan Qobustanda çəkilib. Klipin rejissoru, ukraynalı Yevgeni Timoxin daha öncə də Azərbaycanda işləyib - o, İctimai Televiziyada yayımlanan “Maska” verilişinin musiqili səhnələrinin quruluşçu rejissoru olub. Qeyd edək ki, Yevgeni Timoxin bu klipin çəkiliş heyətində yeganə xarici peşəkardır. Klipin ərsəyə gəlməsində iştirak edən komanda tam olaraq yerli mütəxəssislərdən ibarətdir.

  • Bakıda Birinci Beynəlxalq Opera festivalının ikinci günü başa çatıb

    Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Gənc opera ulduzları” adlı konsert təşkil olunub. Tədbir Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera festivalının ikinci günündə keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının tələbələri, eləcə də Fidan Hacıyeva Vokal Musiqi məktəbinin şagirdləri və dirijor Cavanşir Cəfərovun rəhbərliyi ilə “MEZZO” kamera orkestri çıxış edib.

    Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərləri ifa olunub.

    Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə təşkil olunan Birinci Beynəlxalq Opera festivalı mayın 3-dək davam edəcək.

  • Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı təşkil olunacaq

    Mayın 4-5-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə İçərişəhərdə Azərbaycanın ilk dəfə Milli Xalça Festivalı keçiriləcək.

    “Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, iki gün davam edəcək festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bura qədim, müasir, eləcə də müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı daxildir. Milli Xalça Festivalı günlərində İçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusi dekorasiyalar ilə bəzədilərək xalçaların rəngarəng və sehirli gözəlliyinə bürünəcək.

    Xalçatoxuma sənəti ilə maraqlanan hər kəs xalçanın ərsəyə gəlməsinin bütün mərhələləri, xüsusən, ipliklərin boyanması, çeşnilərin və naxışların vurulması, xalçanın toxunması, emalı, yandırılması, yuyulması prosesi ilə yaxından tanış ola biləcəklər. Ustad dərsləri zamanı “Azərxalça” ASC-nin Azərbaycanın 14 regionundan gəlmiş toxucu və emal komandası qonaqlara xalça dəzgahı üzərində dərslər təqdim edəcəklər. Həmçinin Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi Milli Xalça Festivalında öz stendləri ilə təmsil olunacaqlar.

    Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin ev sahibliyi edəcəyi Milli Xalça Festivalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş “Xalçaçı günü” peşə bayramına həsr edilir və UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və yaşadılması missiyasını daşıyır.

  • Bakı Kamera Orkestri konsert proqramı ilə çıxış edib

    Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Bakı Kamera Orkestri konsert proqramı ilə çıxış edib.

    Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, dirijor Dmitri Sitkovetskinin rəhbərliyi ilə Bakı Kamera Orkestri və solistlər - Dmitri Sitkovetski ilə Xalq artisti, professor Murad Adıgözəlzadə musiqi nömrələri ilə tamaşaçıların zövqünü oxşayıb.

    Konsert proqramında, həmçinin J.S.Bach 1 saylı “Rəqs süitası”, G-dur, E.Bloch “Baal Shem” silsiləsindən “Nigun”, J.Haydn Violin, piano və simlilər üçün konsert F-dur və F.Mendelssohnun “Musiqili məktublar” - orqan, piano, simli kvartet və xor üçün Süitası səsləndirilib.

    Qeyd edək ki, Bakı Kamera Orkestrinin bədii rəhbəri SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru isə Əməkdar artist Fuad İbrahimovdur.

  • Mədəniyyət Nazirliyi yanında İctimai Şura Mil-Muğan Regional Mədəniyyət İdarəsi üzrə görüş keçirib

    Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın Mil-Muğan Regional Mədəniyyət İdarəsi üzrə görüşü olub.

    AZƏRTAC xəbər verir ki, Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə nazirliyin əməkdaşları, İctimai Şuranın rəhbərliyi və üzvləri, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və mədəniyyət işçiləri iştirak ediblər.

    Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin son bir il ərzində fəaliyyəti, həyata keçirdiyi layihə və tədbirlər, əldə edilən uğurlar, qarşıya çıxan problemlər və yeni hədəflər haqqında məlumat verilib.

    İclasda çıxış edən mədəniyyət işçilərindən ibarət məruzəçilər fəaliyyət göstərdikləri mədəniyyət müəssisələri üzrə əldə edilən nailiyyətləri, mövcud problem və təklifləri haqqında fikirlərini bildiriblər.

    Daha sonra İctimai Şuranın üzvləri və ekspertlər çıxışçıların bildirdikləri təkliflər haqqında öz fikirlərini bölüşüblər, irəli sürülən təkliflər barədə qarşılıqlı fikir mübadiləsi aparıblar. Tədbirin sonunda mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə bir sıra mədəniyyət işçiləri Fəxri fərmanla təltif olunub.

    Görüşdən sonra iştirakçılar “Hophopnamə” Kitab Mərkəzini ziyarət ediblər.

  • 43-cü İstanbul kinofestivalının qaliblərinin adları açıqlanıb

    Türkiyə meqapolisində 43-cü İstanbul kinofestivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, İstanbul Mədəniyyət və İncəsənət Fondunun səyləri ilə hər il təşkil olunan festivalın münsiflər heyəti 2024-cü il mükafatçılarının adlarını “Atlas 1948” kino mərkəzinin səhnəsində elan edib.

    “Ən yaxşı əcnəbi film” nominasiyasında ukraynalı rejissor Anna Buryaçkovanın “Həmişəlik-Həmişəlik” (“Forever-Forever”) filmi qalib adını qazanıb. Rejissorun mərasimdə iştirak etmək fürsəti olmadığına görə o, festival təşkilatçılarına onlayn formatda təşəkkürünü bildirib.

    Münsiflər heyətinin xüsusi mükafatına ssenarist və rejissor Ena Sendiaroviç “Şirin arzular” (“Sweet Dreams”) filminə görə layiq görüb.

    “Yerli qısametrajlı filmlər” kateqoriyasında qalib Ömər Ferhat Özmənin “Mənfi bir” ekran əsəri olub.

    “Ən yaxşı yerli sənədli film” nominasiyasına Berke Başın “Dar keçid” adlı filmi layiq görülüb.

    “Ən yaxşı kişi rolu” kateqoriyasında mükafat eyni zamanda iki aktyora – “Bildiyin kimi deyil” filmində rol alan Alican Yücesoy və Serdar Orçinə verilib. Bu ekran əsəri “Ən yaxşı ssenari” nominasiyasında da mükafat qazanıb.

    Aktrisa Tulin Özen “Tərəddüd cizgisi” filmindəki roluna görə “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi olub.

    Nəhayət, kinofestivalın əsas mükafatı olan “Qızıl zanbaq” “Ən yaxşı yerli film” nominasiyasında “Yurd” filminin rejissoru Nehir Tunaya təqdim olunub.

  • VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb

    Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edəcək

    Mayın 1-3-də ölkəmizdə keçiriləcək “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Bakıda keçiriləcək tədbirdə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 mötəbər qonaq iştirakını təsdiqləyib.

    100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60 ölkəyə yaxın mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik, dil və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gələcək.

    Forumda Nazirlər Konfransı və Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı təşkil olunacaq. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbir mötəbər beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, ISESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

    Onu da əlavə edək ki, ötən dövr ərzində “Bakı Prosesi” BMT tərəfindən mədəniyyətlərarası dialoqa dair vacib qlobal platforma kimi qəbul olunub.