Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Klassik incilərimiz” layihəsinin hüdudları genişlənir

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının “Klassik incilərimiz” layihəsinin Məhəmməd Füzulinin yaradıcılığına həsr etdiyi həftəliyinə məktəblilər, tələbələrlə yanaşı, Azərbaycanın bölgələrindən olan kitabxanalar da qoşulublar.

    Kitabxanadan bildirilib ki, bu dəfə layihəyə qoşulan Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Yasaboba filialı Məhəmməd Füzulinin qəzəlini təqdim edib.

    Kitabxana əməkdaşlığa görə layihəyə qoşulan hər kəsə minnətdarlığını bildirir.

     
  • “Sevilənlər sevənlər” rubrikası altında növbəti görüş

    Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayının növbəti qonağı yazıçı, şərqşünas, psixoloq Rövşən Abdullaoğlu olub.

    Kitabxanadan bildirilib ki, canlıya yayına 700-dək izləyici qatılıb. Qonaq canlı yayın zamanı sualları cavablandırıb, yaradıcılığı, psixoloq fəaliyyəti haqqında geniş məlumat verib.

    O, müəllim müəllifi olduğu “Bu şəhərdə kimsə yoxdur”, “Abaddon” əsərlərindən söhbət açıb, yazıçılıq fəaliyyətinin incə məqamlarına toxunub. Canlı yayın zamanı müasir gəncliyin fərdi inkişaf aspektləri, motivasiya imkanları, özgüvən problemlərinə də yer ayrılıb.

    Rövşən Abdullaoğlu müasir gəncliyin mütaliəyə cəlb olunması məsələsinə dair öz şəxsi mülahizələrini dilə gətirib, həmçinin öz mütaliə üstünlükləri barədə də danışıb.

    Onu da qeyd edək ki, Respublika Gənclər Kitabxanasının “Facebook” və “İnstagram” səhifəsində kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Azərbaycanlı yazıçı, şərqşünas, psixoloq Rövşən Abdullaoğlunun həyat və fəaliyyəti haqqında videoçarx, əsərlərindən ibarət virtual sərgi yerləşdirilib.

     
  • Sabunçu rayon MKS-nin Mərkəzi Kitabxanası Azərbaycan kinosu həftəsi keçirib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi "COVID-19" pandemiyası ilə mübarizə şəraitində ölkəmizdə keçirilən ciddi karantin rejiminin tələblərinə uyğun olaraq internet üzərindən fəaliyyətini davam etdirir.

    İdarədən bildirilib ki, Mərkəzi Kitabxana filiallarla birlikdə keçən həftəni Azərbaycan kinosuna həsr edib. Həftə boyu Azərbaycan filmlərini əks etdirən videoçarxlar hazırlayıb.

  • Oftalmoloq-alimin xatirəsinə həsr olunan virtual sərgi hazırlanıb

    Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 97-ci ildönümü ilə əlaqədar virtual sərgi hazırlayıb.

    Sərgi zamanı oftalmoloq Zərifə Əliyevanın haqqında kitablar nümayiş etdirilib.

    Qeyd edək ki, görkəmli alim Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparıb.

     
  • Bu gün Beynəlxalq Rəqs Günüdür

    Aprelin 29-u peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır.

    Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.

    AZƏRTAC xəbər verir ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən hər il qeyd olunur. Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır.

    Kökləri eramızdan əvvəlki minilliklərə gedib çıxan milli rəqslərimiz tariximizlə ayrılmaz surətdə bağlı olub, xalqımızın milli xüsusiyyətini, həyat və məişətini əks etdirir. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir.

    Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə – “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.

    Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bu gün tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş edir.

    Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdiriblər.

    Azərbaycan Respublikası Prezidentinin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında 2014-cü il 30 aprel tarixli Sərəncamı isə müvafiq sahəyə olan diqqət və qayğının daha bir nümunəsidir. Belə bir akademiya həm də Şərq aləmində ilk dəfə bizim ölkədə yaradılıb.

  • Avropa turizmi yenidən dirçəltməyin təhlükəsiz yollarını axtarır

    Koronavirus səbəbindən bütün uçuşların və Avropadakı bayram həftəsinə görə alınmış turların ləğvi insanları bir sıra problemlərlə üzləşdirib.

    Avropa Birliyinin 27 nəqliyyat naziri bu gün bir daha toplaşaraq turizmin inkişafı və ölkələrarası əlaqələrin bərpası mövzusunu müzakirə edəcəklər.

    Avropa Birliyi qanunvericiliyində şirkətlərin qərarları və ya fors-major hallarında ləğv olunan bütün uçuşların haqqı alıcılara qaytarılmalıdır. Alıcı pulunu geri istəmədiyi halda ona eyni dəyərdə olan vauçer təqdim olunur.

    İtaliya, Fransa, Belçika, Rumıniya və Polşa da daxil olmaqla ölkələr qlobal səyahətlərin dayandırılmasına səbəb olan koronavirus epidemiyasından təsirlənmiş turizm sektorunu qorumaq üçün bu cür vauçerlərin verilməsi üçün tədbirlər gördüklərini və ya görəcəklərini bildiriblər. Lakin Avropanın bir sıra böyük aviaşirkətləri ləğv olunmuş uçuşların dəyərini yalnız bir il ərzində aktiv olacaq vauçerlərlə qaytarması və müştəriyə seçim hüququ verməməsi AB qaydalarına ziddir. Eyni problemi pandemiyanın səbəb olduğu sektordakı nağd ehtiyatlarında əlavə itkilərin qarşısını almaq üçün kompensasiya tələbi ilə milyonlarla tələbi rədd etməyə çalışan aviaşirkətlər də yaşayır. Avropa Komissiyası buna ortaq çarə tapmağa çalışır.

    Turizm AB ölkələrinin ümumdaxili məhsulunun 10 faizini və əhalinin 12 faizinin iş yerini təşkil edir. Pandemiyanın təsirinə ən həssas olan Aralıq dənizi ölkələri üçün turizm həm də strateji bir sahədir və bir çox insanın gəliri məhz bu sahə ilə bağlıdır. Bu məsələ ilə əlaqədar toplaşan Bolqarıstan, Kipr, Fransa, Yunanıstan, Malta, İtaliya, Portuqaliya, Rumıniya və İspaniya turizm nazirləri bütün üzv ölkələrdə təhlükəsiz bir şəkildə səyahət və turizmi bərpa etmək üçün qəbul edilməli olan "Avropa səviyyəsində ortaq tədbirlər" mövzusunda ortaq bir bəyanat verməyə çağırıblar. Çünki koronovirusun təsirləri də əməlli başlı zəifləyib. Bunun üçün möhkəm koordinasiyanın olması əsas şərtdir.

     
  • Tovuz məktəblilərinin İstiqlal Muzeyinə virtual ekskursiyası təşkil olunub

    Ölkəmizdə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən xüsusi karantin rejimi dövründə İstiqlal Muzeyi virtual şəkildə fəaliyyət göstərir, müxtəlif layihələr, virtual təlim-treninqlər keçirir, onlayın ekskursiyalar təşkil edir.

    Aprelin 29-da muzey Tovuz rayonundakı Y. Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin şagirdləri üçün ikinci dəfə virtual ekskursiya təşkil edib.

    Muzeyin elmi işçisi Şövkət Əskərova Azərbaycan tarixini özündə əks etdirən eksponatlar haqqında şagirdlərə ətraflı məlumat verib və şagirdləri maraqlandıran sualları cavablandırıb.

    Qeyd edək ki, İstiqlal Muzeyi tərəfindən Masallı və Lənkəran məktəbliləri üçün də virtual ekskursiya təşkil edilib.

  • “Kitabxana – koronavirusa yox deyir!” layihəsi davam edir

    Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) bir aydan çoxdur ki, “Kitabxana – koronavirusa yox deyir!” layihəsini uğurla həyata keçirir.

    Kitabxanadan bildirilib ki, şair və yazıçıları ətrafında birləşdirən MKS layihə çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” mühüm əhəmiyyətli aksiya təşkil edib. Aksiyaya iyirmiyə yaxın yazar qoşulub.

    Yazıçı və şairlər koronavirusun törətdiyi fəsadlardan çox narahatdırlar. Onlar insanları birliyə, həmrəyliyə və özlərini qorumağa, #Evdəqal kampaniyasına qoşulmağa çağırırlar.

    Kitabxanaya növbəti şeiri Azadə Novruzova təqdim edib.

    Azadə Novruzova ondan çox biblioqrafik vəsaitin tərtibçisi və redaktoru olmaqla yanaşı, “Ovunmayan həsrət”, “Sən mənim ağ kitabım” adlı bədii əsərlərin və 200-dən çox elmi, publisistik məqalənin müəllifidir. Bir çox şeir və esseləri türk və rus dillərinə tərcümə edilib.

     
  • Xanımana Əlibəylinin 100 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 nömrəli filialı tanınmış şəxsiyyətlərlə bağlı videoçarxlar hazırlayır.

    Kitabxanadan bildirilib ki, növbəti videoçarx uşaqlar üçün yazılmış yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan çox kitabın müəllifi Xanımana Əlibəylinin 100 illik yubileyinə həsr olunub.

    Qeyd edək ki, X.Əlibəylinin əsərləri uşaqlarda vətənə məhəbbət, əməyə ehtiram, təbiət gözəlliklərinə vurğunluq, ataya, anaya, müəllimə, ümumiyyətlə, böyüklərə hörmət, özündən kiçiklərə şəfqət, mehribanlıq, dostluqda dəyanət, insan ləyaqətinə kölgə salan eybəcərliklərə nifrət kimi çox gərəkli duyğular aşılayır. Şairə bütün bunları sevimli kiçikyaşlı uşaqların qavrayış tərzinə uyğun bədii təsvir və ifadə vasitələri ilə təqdim edib.

    Videoçarxa “YouTube” portalında, kitabxananın “Facebook” və “Instagram” səhifələrində baxmaq olar.

  • Azərbaycan Dövlət Akademik Filarmoniyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

    Azərbaycan Dövlət Akademik Filarmoniyası dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq, irəli sürdüyü təşəbbüsə qoşulub.

    Azərbaycan Dövlət Akademik Filarmoniyası ölkə başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.