Texnologiyanın inkişafı müasir cəmiyyətdə həm fərdlər, təşkilatlar həm də ölkələr, qitələr və mədəniyyətlər arasında məlumat mübadiləsinin yeni üsullarının geniş tətbiqinə səbəb olub. Davam edən COVID-19 pandemiyası şəraitində mədəniyyətlərarası mübadilə kanallarının əhəmiyyəti də artıb. Ziyarətçilərə daha yaxın olmaq və yeni şəraitə uyğunlaşmaq üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi keçən ildən virtual sərgilər keçirməyə başlayıb. Belə ki, bu istiqamətdə növbəti addım olaraq Muzey Mərkəzinin veb-saytı yenilənib.
Muzey Mərkəzindən AZƏRTAC-a bildirilib ki, veb-saytın yeni versiyasının yaradılması mərkəzin uzunmüddətli əməkdaşlıq etdiyi MediaDizayn tərəfindən həyata keçirilib.
Saytın yeni versiyasında Muzey Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumatlar, çoxlu sayda foto və video materiallar var və multimediya təqdimatının müasir üsulları onları görməyi asanlaşdırıb. İnternet texnologiyalarının ən son nailiyyətləri və yaradıcı dizayn həllərinin sintezi ilə Muzey Mərkəzinin zənginliyi həm Azərbaycanda, həm də bütün dünyada qlobal şəbəkə istifadəçilərinin ixtiyarına verilib.
Qlobal ekspert “Google PageSpeed Insights” Muzey Mərkəzinin veb-saytını yüksək qiymətləndirərək, mobil versiyaya mümkün olan 100 baldan 88 bal, kompüter versiyası üçün isə mümkün 100 baldan 97 bal verir.
Saytda Muzey Mərkəzinin ziyarətçiləri üçün lazım olan bütün məlumatlar, eləcə də, binanın təsviri və tarixi haqqında məlumat yer alıb. Cari, planlaşdırılan və keçirilmiş tədbirlərin ətraflı təsvirinə tədbirlər təqvimində xüsusi diqqət yetirilib. Saytın yeni versiyasında, Muzey Mərkəzinin Sərgi Qalereyasının fondunda olan rəsm və heykəllərə həsr olunmuş ekspozisiya bölməsi əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Hər bir əsərə, dünyanın aparıcı muzey saytları nümunələri səviyyəsində hazırlanmış, detallı məlumat verən bir səhifə ayrılıb. Sayta yeni bölmələr də əlavə edilib: Ziyarətçilərin rəyləri, Xəbərlər və mətbuat və Məhsullar.
Ayrı bir bölmədə Muzey Mərkəzində yerləşən “Rus muzeyi: virtual filial” informasiya – maarifləndirici mərkəzinin fəaliyyəti təsvir edilib.
Sayt, tədbirlər, sərgilər və digər bütün bölmələr təqvimi üçün ayrı -ayrılıqda nəticələri göstərən inkişaf etmiş bir axtarış sistemi ilə təchiz edilib.
Mərkəzin yenilənmiş veb-saytı ilə https://www.museumcenter.az internet ünvanına tanış ola bilərsiz.