Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Dəyirmi masa” layihəsinin növbəti tədbiri Azərbaycanın qadın pianoçusu Xədicə Qayıbovaya həsr olunub
15.07.2022

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Dəyirmi masa” layihəsinin növbəti tədbiri Azərbaycanın ilk qadın pianoçularından biri Xədicə Qayıbovaya həsr edilib.

AZƏRTAC xəbər verir ki, layihənin koordinatoru filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı pianoçunun həyat və yaradıcılığından bəhs edib.

O, deyib: “Mövzunun aktuallığı onunla şərtlənir ki, Xədicə Qayıbova yaradıcılığı müxtəlif araşdırmaçılar, musiqişünaslar tərəfindən tədqiq olunsa, mətbuatda müxtəlif qəzet və jurnallarda haqqında məqalələr çap olunsa da yaradıcılığı daha ətraflı şəkildə ayrıca tədqiqat mövzusuna çevrilməyib”.

Bildirib ki, Azərbaycanın ilk peşəkar qadın pianoçusu, muğamlarımızın fortepianoda ilk mahir ifaçısı kimi tanınan Xədicə Qayıbova haqqında çox yazılıb. Onun faciəli taleyi haqqında akademik Ziya Bünyadov, professorlar Rafael Hüseynov, Fərəh Əliyeva araşdırma və məqalələrində geniş bəhs ediblər. Professor F.Əliyeva “XX əsr Azərbaycan musiqi tarixi-totalitar zaman kəsiyində” adlı məqaləsində XX əsrdə repressiyaya məruz qalan incəsənət, musiqi xadimlərindən söz açarkən Xədicə xanımın da taleyinə işıq salır.

Milli Konservatoriyanın professoru Abbasqulu Nəcəfzadə çıxışı zamanı deyib: “Tələbəm Məryəm Hüseynovanın Xədicə Qayıbova yaradıcılığı ilə bağlı apardığı tədqiqat, magistr işi, çox uğurlu nəticələr verib, bu günə kimə məlum olmayan faktlar aşkarlayıb. O, Bülbülün ev muzeyində Xədicə Qayıbovanın fonovalikə yazılmış ifasını, “Rast” muğamını aşkarlayıb. Həmçinin pedaqoji fəaliyyəti haqqında çox yazılsa da biz bu günə kimi onun tələbələrindən heç kimi tanımırdıq.

“Magistr işimlə əlaqədar olaraq araşdırmam zamanı Bülbülün ev muzeyində Xədicə Qayıbovanın ifalarını aşkar etdik. Gələcək işimiz bu ifanı yeni rəqəmsal vasitələrə köçürüb ictimaiyyətə təqdim etmək, haqqında kitab yazaraq fəaliyyətini və yaradıcılığını bir nəşrdə cəm edərək oxuculara təqdim etməkdir”, - deyə Məryəm Hüseynova əlavə edib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Minəxanım Babayeva, tədqiqatçı Turan İbrahimov, yazıçı Kənan Hacının çıxışları zamanı vurğulanıb ki, Xədicə Qayıbova ifa tərzi ilə təkcə musiqi həvəskarlarını deyil, musiqidən uzaq adamları belə heyran qoyurmuş. Evinin qapısı musiqi salonu kimi yerli və Bakıya gələn əcnəbi artistlər üçün daim açıq idi. Xədicə xanım enerjili, nikbin və təşəbbüskar bir qadın olaraq musiqi salonunun sahibəsi kimi musiqiçiləri, şair və yazıçıları, elm xadimlərini, aktyorları öz evinə toplayardı. Fortepianoda muğam improvizasiyaları ifa etməsi, dastanların toplanması və bu qəbildən olan fəaliyyəti onun yaradıcılığının əsası idi.

Tədbirin sonunda Xədicə Qayıbovanın nəticələri Nuridə Sultanova və Heydər Sultanov layihənin təşkilinə görə BMM-nə minətdarlıqlarını bildiriblər. Evlərində nənələri ilə bağlı arxiv sənədlərinin olduğunu və bu sənədləri hər zaman mətbuata və araşdırmaçılara böyük məmnunluqla təqdim etdiklərini qeyd ediblər.

Tədbirin bədii hissəsində BMM-nin solistləri Rəvanə Qurbanova və Elgiz Əliyevin ifasında xalq mahnıları və muğamlarımızdan parçalar təqdim edilib. Xanəndələri BMM-nin solistləri Rövşən Qurbanov (tar), Təbruz Usubov (kamança), Rəfael Əsgərov (balaban) və Amil Mustafayev (nağara) müşayiət edib.

Oxşar Xəbərlər

    ×