Facebook Pixel Code
GoMap XƏRITƏ
Turizm xəbərləri
UNESCO-nun "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında" 2005-ci il Konvensiyası mövzusunda təlim kursuna start verilib
15.07.2022

Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarə edilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti, 3-cü təlim kursuna start verilib. Təlim kursunun mövzusu UNESCO-nun "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında" 2005-ci il Konvensiyasını əhatə edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri, təlim proqramının rəhbəri Vasif Eyvazzadə təlim kursunun açılışını edərək, “İrsin İdarəedilməsi Bacarıqlarının İnkişafı” təlim proqramı çərçivəsində əvvəlki iki təlim kursu haqqında məlumat verib. V.Eyvazzadə UNESCO-nun növbəti vacib konvensiyası haqqında baş tutan bu təlim kursunun da iştirakçılar üçün maraqlı olacağını və bu təlim günlərində dörd ayrı təlim modulu üzrə fərqli təlimçilər və qonaq çıxışçıların iştirakı ilə maraqlı mövzuların birgə öyrənmə prosesində təqdim ediləcəyini bildirib. Daha sonra Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi Elman Abdullayev çıxış edərək UNESCO-Azərbaycan münasibətlərinin tarixi, birgə əməkdaşlıq prosesində UNESCO Konvensiyalarının əhəmiyyəti barədə danışıb. O, həmçinin multikulturalizm və mədəniyyətlərarası dialoq ilə əlaqədar beynəlxalq və eləcə Azərbaycan təcrübələri haqqında da fikirlərini iştirakçılarla bölüşüb. Qarabağda dağıdılmış milli mədəni irsimizin araşdırılması və beynəlxalq səviyyədə tanıdılması, eləcə də işğal dövründə ölkə ərazisindən qanunsuz çıxarılmış mədəni irs nümunələrinin siyahılarının təşkili istiqamətində aparılan və qarşıda duran vacib fəaliyyətlərdən də bəhs edib.

Ardından, təlim proqramının rəhbəri və birinci yarım günün təlimçisi, Vasif Eyvazzadə UNESCO-nun "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında" 2005-ci il Konvensiyası haqqında məlumat verərək, Konvensiyanın məqsədləri, mədəniyyətin universal tərifi və anlayışı, mədəni müxtəliflik anlayışı və müxtəliflik kateqoriyaları, mədəni özünüifadə anlayışı, mədəni fəaliyyətlər, mallar və xidmətlər mövzuları iştirakçılarla müzakirə şəklində təqdim edib. Vasif Eyvazzadə, həmçinin Konvensiyanın icrasına məsul İdarəetmə Orqanları, Baş Tərəflərin Konfransı, Hökumətlərarası Komitə, Beynəlxalq Mədəni Müxtəliflik Fondu və Fond tərəfindən dəstəklənən layihələr üzrə uyğunluq meyarları haqqında da məlumat verib. Növbəti qonaq çıxışçı kimi təlim kursuna dəvət edilmiş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qlobal və tarixi kontekstə multikulturalizmin idarə edilməsi təcrübələri, ənənələri, meylləri haqqında çıxış edərək idarəetmədə tətbiq edilən uğurlu modelləri müqayisəli təhlil etdi və bu əsnada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən və məqsədlərindən geniş bəhs edib. Təlim iştirakçılarının sualları ətraflı cavablandırılıb.

Təlim kursunun ikinci yarım günü üzrə təlimçi, innovasiyalar və rəqəmsallaşma üzrə ekspert, I2B layihəsinin rəhbəri Rəşad Əzizov innovasiyalar və startapların inkişafı üçün zəruri ekosistem elementləri, mədəni fəaliyyət sahələrində innovativ rəqəmsal həllər, platformalar haqqında təlim iştirakçılarına məlumat verib. O, həmçinin startapların inkişaf mərhələləri, innovativ məhsul və həllərə dair konkret nümunələri təqdim edərək startap quruculuğunun inkişaf mərhələlərinin hər biri haqqında mədəni müəssisələrin nümunələrində konkret keyslərlə ətraflı bəhs edib. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən müvafiq qurumlarla birgə əməkdaşlıqda həyata keçirilən və özünün rəhbərlik etdiyi “İdeyadan Biznesə” (I2B) layihəsi haqqında və regionlarda yerli müsabiqə prosesləri haqqında da maraqlı təcrübələri iştirakçılarla bölüşüb.

Təlim kursunda Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən müəssisələrin, Dövlət Turizm Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, "Şuşa" Şəhəri Dövlət Qoruq İdarəsinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Heydər Əliyev Mərkəzinin, AMEA-nın Rəyasət Heyəti aparatının və Akademiyanın müvafiq institutlarının, Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, yaradıcı ittifaq və birliklərin, “Education HUB” və “Zəka İşığında” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

Oxşar Xəbərlər

    ×