Türkiyənin Bayburt şəhərində keçirilən 26-cı Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı türk dövlətlərinin, bütün türk xalqlarının ümumi mədəni maraqlarını təmin edir. Azərbaycanda Dədə Qorqud irsi ilə bağlı nümunəvi işlər görülüb. Bu işlərin özünü də tədqiq etmək və vahid strategiya ilə davam etdirmək çox əhəmiyyətlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin görkəmli şairi, tanınmış tərcüməçi Kenan Çarboğa ifadə edib.
Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar Fərmanın tarixi missiya olduğunu xatırladan Kenan Çarboğa deyib ki, Dədə Qorqud irsinin araşdırılması ortaq türk mədəniyyətinin araşdırılmasında mühüm bir strategiyadır. Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi 2018-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi milli mədəniyyət tariximizə göstərilən birgə qayğının real nəticəsidir.