“Çıx get” və “Biz” kimi qorxu filmləri ilə tanınan amerikalı aktyor, rejissor, ssenarist Cordan Pilin son filmi “Xeyr” ABŞ-ın satış kassalarında ilk sırada yer alıb.
AZƏRTAC xəbər verir ki, film nümayişinin ilk günündə 44 milyon dollar qazanc gətirib. Ekran əsəri ölkə üzrə 3785 kinoteatrda nümayiş olunan elmi fantastika janrında çəkilən “Biz” filmindən geri qalsa da, uğurlu başlanğıc edib.
Ekran işi Cordan Pili “Çıx get” filmində rol almış “Oskar” mükafatçısı Daniel Kaluuya ilə yenidən bir araya gətirir. Filmin aktyor heyətinə, həmçinin Kek Palmer, Stiven Yeun, Maykl Vinkot, Brandon Perea daxildir.
Qeyd edək ki, sözügedən filmin avqustun 11-də Nizami Kino Mərkəzində nümayişi planlaşdırılıb.