Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Cəlal Qaryağdı
11.08.2022

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihəsi davam edir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimatlardan biri Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, heykəltəraş Cəlal Qaryağdıya həsr olunub.

Cəlal Qaryağdı 1915-ci il iyulun 15-də Şuşa şəhərində anadan olmuşdur. Erkən yaşlarında ata-anasını itirən Cəlal Qaryağdı 1927-ci ildə Bakıya gəlir. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında davam etdirir, 30-cu illərdə qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltəraşlıq əsərlərini yaratmağa başlayır.

Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış etmiş, müharibədən sonra insanların bədii obrazları üzərində işləmişdir. Heykəltəraşlığın müxtəlif janrlarında əsərləri var. Monumental-dekorativ heykəltəraşlıq onun yaradıcılığında əsas yer tutur.

Əsərləri üçün obrazların yığcamlığı və milli kolorit səciyyəvidir. İçərişəhərin qala divarlarının yaxınlığında görkəmli satirik şair M.Ə.Sabirin heykəli Cəlal Qaryağdının ilk böyük işlərindən biridir. Cəlal Qaryağdının monumental-dekorativ heykəltəraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqəti cəlb edir. Nəriman Nərimanovun heykəli , Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun abidəsi Azərbaycan heykəltəraşlığının qiymətli nümunələri sırasına daxildir.

Sənətkar həmçinin Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Cahangir Cahangirovun və başqalarının büstlərini yaradıb.

Cəlal Qaryağdı yaradıcılığına Bakıda deyil, respublikanın müxtəlif şəhər və rayonlarında da rast gəlmək olar.

C. Qaryağdı heykəltəraşlığın müxtəlif janrlarında - monumental heykəl, portret, büst, qorelyef, barelyef və s. bir-birindən maraqlı əsərlər yaradıb.

Heykəltəraş 1954-cü ildə Azərbaycanın Əməkdar İncəsənət Xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Görkəmli sənətkar 2001-ci ildə vəfat edib.

Oxşar Xəbərlər

    ×