“Şuşa İli” ilə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycanın musiqi beşiyi, musiqi məbədi olan Şuşanın musiqiçiləri haqqında “Şuşa musiqiçiləri” rubrikasına davam edir.
AZƏRTAC xəbər verir ki, rubrikanın budəfəki mövzusu xanəndə, Azərbaycanın Əməkdar artisti Zülfü (Zülfüqar) Adıgözəlova həsr edilib.
Zülfü Adıgözəlov 1898-ci ildə Şuşanın Qaradolaq kəndində anadan olub. Şuşada muğam axşamlarından birində Zülfü Adıgözəlovun ifasını dinləyən Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət edir. 1927-ci ildə Bakıya köçərək "Müdafiə evi"ndə işləmək üçün Ü.Hacıbəyli, Q,Pirimov, M.Maqomayevin qarşısında imtahan verərək, eyni zamanda radio verilişləri komitəsinə işə qəbul olunub. O, muğam dəsgahını tam şəkildə, bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaradıb. Tanınmış xanəndələrdən Əbülfət Əliyev, Sahib Şükürov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, İldırım Həsənov, Ağaxan Abdullayev, Tələt Qasımov və s. onun məktəbinin davamçılarıdırlar. 1936-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş Z. Adıgözəlov bir sıra muğam və təsnifin, xalq mahnılarının mahir ifaçısı idi.
Xanəndənin ifa etdiyi və lentə, qrammofon vallarına yazdırdığı "Rast", "Mahur-hindi", "Segah-Zabul", "Bayatı-Şiraz", "Humayun" muğam dəstgahları, bir sıra təsniflər, "Nəbi", "Mən gedirəm Zəngilana", "Dedim bir busə ver", "Kəklik" və b. bu kimi xalq mahnıları Azərbaycan musiqi xəzinəsinin inciləridirlər. Məhz qədim klassik muğamlarımızı, təsnif və xalq mahnılarını oxuyarkən onların ənənəvi forma və quruluşunu saxlamaqla xanəndə özünəməxsus nəfəsləri, dəst-xətti ilə ifaçılıq sənətinə yeniliklər gətirib.
Zülfü Adıgözəlov muğam dəsgahlarını ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikrosilsilə kimi müstəqil şəkildə təfsir edib. Bu baxımdan "əraq-Pəncgah", "Hasar-müxalif", "Vilayəti-Dilkeş" muğamları gözəl örnəklərdir.
O, 1963-cü ildə Bakıda vəfat edib.