Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı “Gəncləri narkotiklərdən uzaq tutaq” adlı maarifləndirici tədbir keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə filialın müdiri Yəmən Əmirova narkomaniya, onun insan sağlamlığı üçün təhlükəli fəsadları və bu bəla ilə mübarizə üsulları haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyət cəmiyyətin, hər bir vətəndaşın üzərinə düşür. Kitabxanalarda müntəzəm olaraq narkomaniya mövzusunda tədbirlər, söhbətlər, sorğular həyata keçirilir, sərgilər hazırlanır.
Daha sonra tədbirdə çıxış edən Zümrüd Nəzirli və Bənövşə Abbasova bildiriblər ki, bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən asılıdır. Buna görə də gənc nəslin sağlam böyüməsi cəmiyyətin əsas vəzifəsi hesab olunur. Daha sonra iştirakçılara özlərini və ətraflarını sərhədsiz fəlakətlərə yol açan narkomaniyadan qorumaq və bu yoldan uzaq olmaq tövsiyə olunub.
Keçirilən söhbətdə yeniyetmə gənclər “Narkotik haqqında nə bilirik?” mövzusunda çıxışlar ediblər.
Sonda tədbir iştirakçıları mövzu ilə əlaqədar hazırlanmış stend ilə tanış olublar.