Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) əməkdaşı Elnarə Kərimli Milli Qəhrəman Rövşən Əliyevin doğum günü ilə əlaqədar videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Milli Qəhrəmanın həyat və döyüş yolu haqqında məlumat verilir.
Rövşən Əliyev 1972-ci il avqustun 30-da Bakı şəhərində anadan olub. Əslən Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndindəndir. 1989-cu ildə Xətai rayonundakı 254 nömrəli tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki ADPU) maşınqayırma fakültəsinə daxil olub. 1991-ci ilin mayında könüllü olaraq orduya yazılıb.
O, Ağdamda yaradılmış milli müdafiə taborunda döyüş meydanına atılıb. O, döyüşlərdə Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak edib. Cəsur döyüşçü 1992-ci ilin martında yeni tapşırıq aldı: "Əsgərlərimiz Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutmalıdır". Verilən bütün əmr və tapşırıqları layiqincə yerinə yetirən Rövşən Əliyev 1992-ci il iyunun 14-də Xocalı rayonunun Dəhrəz kəndində gedən döyüşlərdə iştirak edərkən düşmən gülləsi onun arzularla dolu qəlbini susdurub.