Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhərinin mərkəzi küçə və prospektlərində yerləşən tarix-memarlıq abidələrinə edilən qanunsuz müdaxilələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə operativ monitorinq tədbirlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli jurnalistlərə açıqlamasında deyib.
Bildirib ki, monitorinqlər ilkin olaraq Bakı şəhərində yerləşən dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-memarlıq abidələrini əhatə edir. Növbəti monitorinq sentyabrın 7-də Bakı şəhəri Azadlıq prospekti 22 ünvanında keçirilib.
Mətbuat katibinin sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində tarixi abidələrin bədii-estetik görünüşünə, memarlıq üslubuna xələl gətirən müdaxilələr aradan qaldırılıb. Obyekt sahibləri ilə maarifləndirici söhbət aparılıb. Xəbərdarlıqlara əməl etməyən obyekt sahibələrinə protokollar tərtib edilib. Həmçinin Dövlət Xidməti ilə abidə (bina) mülkiyyətçiləri və icarədarları arasında ümumi mühafizə öhdəliklərini ehtiva edən, həm də mülkiyyətçinin abidə ilə bağlı hüquqlarının əks olunduğu mühafizə müqaviləsinin bağlanmasının zərurililiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, sentyabrın 1-dən başlayan monitorinqlər nəticəsində 20-də artıq tarix-memarlıq abidəsində monitorinq keçirilib.
Mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan monitorinqlər həm paytaxtda, həm də bölgələrdə yerləşən tarixi abidələri əhatə edəcəkdir. Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti istifadəsində və ya mülkiyyətində tarixi abidələr olan vətəndaşlarımızı abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırır.