Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları tərəfindən Milli Qəhrəman, şəhid Məhərrəm Seyidov haqqında məlumat hazırlanıb
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, məlumatda M.Seyidovun həyat yolu və döyüş şücaətlərindən söhbət açılıb. Qeyd edilib ki, 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olan Məhərrəm Mirəziz oğlu Seyidov Hərbi xidmətini Xerson şəhərində başa vurduqdan sonra, əmək fəaliyyətinə Daxili İşlər Orqanlarında başlayıb. O, Bakı Xüsusi Orta Milis Məktəbini bitirib. Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışıb. Milis kapitanı idi.
1990-cı il yanvarın 16-da erməni silahlı birləşmələri Kərki kəndində öz azğın əməllərinə başladıqları zaman təhlükə barədə Şərur rayon Daxili İşlər Şöbəsinə məlumat daxil olur və bir qrup polis əməkdaşı hadisə yerinə göndərilir. Məhərrəm Seyidov da bu sırada idi. Yanvarın 18-də Sədərəyə yaxın postlarda qanlı döyüşlər gedirdi. Düşmən böyük itki vermişdi, lakin geri çəkilmək istəmirdi. 1990-cı il yanvarın 19-da Sədərəyin müdafiəsi təmin olunsa da, kapitan Azər Seyidov mühasirəyə düşmüşdü. Onu azad etmək üçün Məhərrəm döyüşə atılır. M.Seyidov çətinliklə də olsa, öz döyüş yoldaşını mühasirədən çıxarmağına baxmayaraq, özü qəhrəmancasına şəhid olur.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli Fərmanı ilə kapitan Seyidov Məhərrəm Mirəziz oğluna (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Qeyd edək ki, M.Seyidov ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə də təltif olunub. Şərur rayonunun Şəhidlər xiyabanında dəfn edilib. Şərurda M.Seyidovun adına küçə və tuncdan büstü də var. 2 nömrəli Şərur şəhər orta məktəbi onun adını daşıyır.