“Netflix” istehsalı olan, Kraliça II Elizabetanın idarəçiliyi dövründən bəhs edən “Tac” adlı ekran əsərinin 6-cı mövsümünün çəkilişləri Britaniya monarxının ölümü ilə əlaqədar dayandırılıb. Buna səbəb Böyük Britaniya Kraliçası II Elizabetanın sentyabrın 8-də 96 yaşında vəfat etməsi olub.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, serialın yaradıcısı Piter Morqan ekran əsərini “Kraliçaya sevgi məktubu” adlandırıb və hörmət əlaməti olaraq bir müddətlik çəkilişlərin dayandırılacağını təsdiqləyib.
”Tac” filmi ona bir sevgi məktubudur və hələlik əlavə edəcəyim bir şey yoxdur, yalnız susmaq və hörmət etmək vacibdir. Biz hörmət əlaməti olaraq çəkilişləri dayandıracağıq", - deyə P.Morqan bildirib.
Qeyd edək ki, ssenarist Piter Morqan 2006-cı ildə çəkilən “Kraliça” bədii filminin ssenarisinə görə “Qızıl qlobus” və “Oskar” mükafatı alıb.