Bu gün azərbaycanlı dövlət xadimi və yazıçı, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri Yusif Vəzir Çəmənzəminlinin anadan olmasından 135 il ötür.
AZƏRTAC xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən bu münasibətlə yazıçının həyat və fəaliyyətinə həsr edilmiş silsilə materiallar, videoçarx, virtual kitab sərgisi və biblioqrafik siyahı hazırlanıb. “Yusif Vəzir Çəmənzəminli” adlı videomaterial və virtual sərgidə yazıçının həyat və yaradıcılıq fəaliyyəti, əsərləri haqqında geniş məlumatlar öz əksini tapıb.
Materiallarda ədibin “Qızlar bulağı”, “Bir gəncin dəftəri” və s. əsərlərinin qısa məzmunu ilə yanaşı, “Əli və Nino”, “İki od arasında”, “Studentlər” əsərləri haqqında da məlumat verilir. Biblioqrafik siyahıda isə Y.V.Çəmənzəminlinin ədəbi fəaliyyəti ilə yanaşı, görkəmli şəxslərin onun haqqında söylədikləri fikirlər, həmçinin 10-dan çox kitabının biblioqrafik təsviri və kitab sərgisi əks olunub.
Qeyd edək ki, hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.